Bakı şəhər İcra Hakimiyyəti Azadlıq Hərəkatçılar Birliyinin (AHB) oktyabrın 6-da BMT-nin Bakı oifisi qarşısında planlaşdırdığı aksiyasının keçirilməsinə icazə verməyib. Bu barədə Trend ə AHB Ali İcra Heyətinin sədri Təhmasib Novruzov bildirib.
Qeyd edək ki, BMT-nin Bakı ofisi qarşısında piketin keçirilməsi qərarı AHB İdarə Heyətinin oktyabrın 3-də keçirilən növbəti toplantısında qəbul edilib. Piketin planlaşdırılmasında məqsəd Güney Azərbaycanda baş verən məlum olaylara etiraz etmək olub.
AHB-nin yaradılması ideyası 2005-ci ilin sentyabrında meydana çıxıb. Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin önündə getmiş bir qrup hərəkatçı həmin tarixdə Bakının Buzovna qəsəbəsində Azərbaycan Xalq Hərəkatı Partiyasının sədri Nəsir Ağayevin bağ evində toplaşaraq Təşəbbüs Qrupu yaradıblar. 2006-cı il yanvarın 8-də birinci təsis qurultayında hərəkatın məramnamə və nizamnaməsi qəbul edilib.