...

Milli Məclis Xocalı faciəsi ilə bağlı qərar və bəyanat qəbul edib

Siyasət Materials 27 Fevral 2007 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend İ.Əlizadə/Milli Məclisin fevralın 27-də keçirilən iclasında Xocalı faciəsi ilə bağlı qərar və bəyanat qəbul olunub. Parlament sədrinin müavini, Xocalı faciəsi ilə yaradılmış komissiyanın sədri Bahar Muradovanın rəhbərliyi altında hazırlanmış qərar layihəsi 4 bənddən ibarətdir.

Qərarda deyilir ki, Milli Məclisin deputatları xarici səfərlərdə olarkən, o cümlədən, beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son 100 ildə azərbaycanlıların məruz qaldıqları soyqırım aktları, o cümlədən, Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər. Bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə olunsun.

İkincisi, Ermənistanın ölkəmizə hərbi təcavüzü, Dağlıq Qarabağ və ətraf rayonların işğalı zamanı azərbaycanlılara qarşı törədilmiş soyqırım aktları, xüsusən də Xocalı faciəsi ilə bağlı materialların toplanması, öyrənilməsi, ümumiləşdirilməsi və yayılması məqsədi ilə Milli Məclisin yanında İnformasiya - Təbilğat Mərkəzi yaradılsın.

Üçüncüsü, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına tövsiyyə edilsin ki, Xocalı şəhərində soyqırım aktının törədilməsində iştirak etmiş şəxslərin dairəsinin müəyyən edilməsi və cinayətkarların məsuliyyətə cəlb olunması üçün görülən tədbirləri gücləndirsinlər.

Dördüncüsü, Azərbaycan Respublikasının Dağlıq Qarabağla məşğul olan dövlət və qeyri-dövlət qurumlarına tövsiyyə edilsin ki, Dağlığ Qarabağ münaqişəsi haqqında həqiqətlərin daha geniş yayılması və ermənilərin uydurma təbliğatının qarşısının alınması üçün səylərini birləşdirsinlər.

Qərarda qeyd olunur ki, Xocalı faciəsini törədən 30 nəfərin siyahısı müəyyənləşdirilib. Həmin şəxslərin bu soyqırımın törədilməsində iştirak etdikləri faktlar və şahid ifadələri ilə təsdiqlənib. Həmin şəxslər hazırda Ermənistanda və qondarma Dağlıq Qarabağ Respublikasında müxtəlif vəzifələr tuturlar.

Milli Məclisin qəbul etdiyi bəyanatda isə beynəlxalq təşkilatlar və xarici ölkələrin parlamentləri Xocalı soyqırımını tanımağa və pisləməyə çağırılırlar.

Xəbər lenti

Xəbər lenti