...

Rəsul Quliyevin tərəfdarları qurultaya hazırlıq işlərini yekunlaşdırıblar

Siyasət Materials 9 Aprel 2007 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Rəsul Quliyevin rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyasının (ADP) qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi aprelin 14-də Neftçilərin Mədəniyyət Evində keçiriləcək qurultaya hazırlıq işlərini başa çatdırıb. Bu barədə bazar ertəsi Bakıda ADP qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Aydın Quliyev məlumat verib.

Onun sözlərinə görə, 60 rayon təşkilatında konfrans keçirilib və qurultaya 450 nümayəndə seçilib. Bundan başqa 15-ə yaxın rayonda ADP-nin yerli təşkilatları ya bərpa olunub, ya da yeni yaradılıb.

A.Quliyev deyib ki, hələlik heç kim sədr olmaqla bağlı niyyətini açıqlamayıb: "Bu qurultayın səlahiyyətinə aid olan məsələdir. İndi məlum olan odur ki, qurultay nümayəndələrinin əksəriyyəti Rəsul Quliyevi sədr görmək istəyirlər. Yəqin ki, Rəsul Quliyev çoxluğun istəyinə qarşı çıxmayacaq və öz namizədliyini irəli sürəcək."

Müxalifət partiyalarının qurultaya dəvət olunub-olunmayacağına gəlincə, A.Quliyev deyib ki, bu məsələni Təşkilat Komitəsində müzakirə edəcəklər. Hələlik bununla bağlı hər hansı qərarları yoxdur.

A.Quliyev ADP-nin digər qanadına rəhbərlik edən Sərdar Cəlaloğlu və onun bir neçə tərəfdarının qurultaya nümayəndə seçilməsi haqqında məlumatları təkzib edib. Onun sözlərinə görə, nə S.Cəlaloğlu, nə də onun yanında olanlar qurultaya nümayəndə seçilməyiblər. Onların qonaq kimi qurultaya dəvət olunması da mümkün deyil: "Çünki onların hansı statusa malik olduğunu heç özləri də bilmirlər."

Qeyd edək ki, müxalifəti təmsil edən ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən yaradılıb. 2000-ci ildən partiyaya Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da mühacirətdə olan Rəsul Quliyev rəhbərlik edib. Bu ilin aprel ayında ADP-də parçalanma baş verib. ADP Rəsul Quliyev və Sərdar Cəlaloğlunun tərəfdarlarından ibarət iki hissəyə bölünüb. İndi hər iki tərəf ADP adına iddia edir.

Xəbər lenti

Xəbər lenti