...

Azərbaycan müxalifət partiyasının sədri Britaniya və İsveç diplomatları ilə görüşüb

Siyasət Materials 19 Aprel 2007 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli cümə axşamı Böyük Britaniyanın və İsveçin ATƏT-dəki daimi nümayəndəliklərinin birinci katibləri Alastar Long və xanım Aasa Pausardla görüşüb. Bu barədə AXCP-dən məlumat verilib.

Görüşdə Azərbaycandakı ictimai-siyasi durum, seçkilərin demokratikliyinin təmin olunması üçün Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi, söz və mətbuat azadlığının, insan haqlarının vəziyyəti, ATƏT-in son parlament seçkilərindən sonra Azərbaycan hökumətinə təqdim etdiyi tövsiyələr barədə müzakirələr aparılıb. Söhbət zamanı həmçinin 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsi siyasi vəziyyət, müxalifətin bu seçkilərə hazırlığı, ATƏT-lə Azərbaycan arasındakı münasibətlərlə bağlı fikir mübadiləsi aparılıb.

Qonaqlar ölkədə insan haqlarının, sərbəst toplaşmaq və media azadlıqlarının təmin olunmasına diqqətlərini artıracaqlarını və ATƏT-in seçkilərdən sonra verdiyi tövsiyələrin yerinə yetirilməsi üçün Azərbaycan hökuməti qarşısında məsələ qaldıracaqlarını bildiriblər.

Müxalifətçi Xalq Cəbhəsi Partiyası "Azadlıq" blokunda təmsil olunur. Sədri Ə.Kərimli Azərbaycanın keçmiş dövlət katibi (1992-1993-cü il) və 2005-ci ilə qədər millət vəkili olub.

Xəbər lenti

Xəbər lenti