...

"Azadlıq" blokunun həmsədri: "ACP-nin təşkil etiyi Forum qarşıya qoyulan vəzifələri yerinə yetirə bilmədi"

Siyasət Materials 30 May 2007 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Açıq Cəmiyyət Partiyasının (ACP) təşkilatçılığı ilə mayın 25-də müxalifət partiyalarının, ictimaiyyət nümayəndələrinin, ziyalıların iştirakı ilə keçirilən Forum qarşıya qoyulan vəzifələri yerinə yetirə bilmədi. Bu barədə "Azadlıq" blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyev çərşənbə günü açıqlama verib.

ACP-nin təşkilatçılığı ilə keçirilən həmin Forumda Azərbaycandakı siyasi, ictimai durum müzakirə edilib, müxalifətin əməkdaşlığına, iqtidara qarşı birgə mübarizə metodlarına dair bir sıra təkliflər irəli sürülüb, sonda iştirakçılar adından Memorandum və beynəlxalq təşkilatlara müraciət qəbul edilib.

Əliyevin sözlərinə görə, bu Forum güdülən məqsədlərə cavab verə bilmədi: "Təşkilatçıların qaldırılan məsələləri hazırlıqsız şəkildə müzakirəyə çıxarması, müxtəlif spektri əhatə edən və fərqli mövqelərdə dayanan qüvvələrin iştirakı effekt yaratmadı. Ciddi siyasi planları müzakirə etmək və bir qərara gəlmək üçün yalnız hakimiyyətə qarşı eyni mövqedə və məsafədə dayanan qüvvələrin birliyi, əməkdaşlığı səmərə verə bilər. Əks halda, müxtəlif fikirli, mövqeli qüvvələri bir araya gətirib sonda səmərəli nəticəyə nail olmaq mümkün deyil" - deyə Əliyev qeyd edib.

ACP-nin sədri Akif Şahbazov isə bildirib ki, onların təşkil etdiyi həmin Forum ictimaiyyətə öz səmərəsini verdi: "Bir yerdə oturub müzakirələlər aparmayan, bir-biri ilə görüşməyən qüvvələr həmin Forumda bir araya gəldi, hər kəs öz fikir və təkliflərini verdi. Fərqli siyasi baxışları olan qüvvələrin, həmçinin eyni mövqeyi bölüşənlərin birgə müzakirələrinin ənənəyə çevrilməsini istəyirik" - deyə Şahbazov qeyd edib.

"Azadlıq" blokunda üç müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Sağ mərkəzçi, müxalifətyönlü ACP bu ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks-spikeri, hazırda mühacirətdə yaşayan Rəsul Quliyevdir.

Xəbər lenti

Xəbər lenti