...

Azərbaycanın Qərb bölgəsində 3 yeni sərhəd zastavasının açılışı olub

Siyasət Materials 7 İyun 2007 18:11 (UTC +04:00)

Azərbaycan, Şəmkir / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın Qərb bölgəsində 3 yeni sərhəd zastavasının açılışı olub. Cümə axşamı Şəmkir sərhəd dəstəsinin Babasər, Ağstafada yerləşən Poylu sərhəd komendantlıqları, Samuxdakı "Qarabağlı"sərhəd zastavaları açılıb. Açılış mərasimində Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, prezidentin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyev iştirak edib.

Elçin Quliyev bildirib ki, Qazax, Ağstafa, Samux, Tovuz, Şəmkir rayonlarını əhatə edən Şəmkir sərhəd dəstəsinin xidməti ərazisində 7 sərhəd zastavası, 1 sərhəd komendantlığı, zabitlər üçün iki yaşayış evi və sərhəd qarnizonu istifadəyə verilib. Bu zastavaların açılması ilə həmin ərazidə sərhədçilər xidməti döyüş fəaliyyətinə başlayır. Quliyevin sözlərinə görə, yeni sərhəd zastavalarının fəaliyyəti Azərbaycanın dövlət sərhədlərinin mühafizəsinə müsbət təsirini göstərəcək.

DSX-nin rəisi həmçinin qeyd edib ki, hazırda sərhəd zastavalarının müasir texnika ilə təchiz olunması prosesi davam edir: "Sərhədlərin müasir texnika ilə təchiz olunması işləri 2008-ci ilin sonunadək yekunlaşacaq. Prezident sərhədlərin müasir texnika ilə təchiz olunmasına dair 2006-2010-cu illəri əhatə edən Dövlət Proqramını imzalayıb. Bu proram çərçivəsində görüləcək işlər müəyyənləşdirilib, lazımi vəsait ayrılıb. Bu prosesin 2008-ci ilin sonunadək yekunlaşması barədə prezidentin tapşırığı var. Azərbaycanın iqtisadi qüdrəti bizə imkan verir ki, bu prosesi qısa müddətə başa çatdıraq. Ötən il Dövlət Sərhəd Xidməti 300 bina istifadəyə verib. Bu il isə 400-dən artıq bina istifadəyə veriləcək. Onların arasında xüsusi hərbi hissələr, istirahət və olimpiya idman mərkəzləri olacaq".

Xəbər lenti

Xəbər lenti