...

NATO-nun seminarında azərbaycanlı və rusiyalı deputatlar arasında qarşıdurma yaranıb

Siyasət Materials 28 İyun 2007 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ NATO Parlament Assambleyasının Xorvatiyanın Dubrovnik şəhərində keçirilən 66-cı Rouz-Rout seminarında azərbaycanlı və rusiyalı deputatlar arasında qarşıdurma yaranıb. Bu barədə seminarda Azərbaycanı təmsil edən millət vəkili Məlahət Həsənova məlumat verib.

Onun sözlərinə görə, seminarda Kosovonun gələcək statusu məsələsi müzakirə olunub.

Müzakirələrdə iştirak edən rusiyalı deputatlar bildiriblər ki, əgər Kosovoya müstəqillik verilərsə, bu, digər etnik münaqişələrin baş verdiyi bölgələrə - Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyaya da şamil olunmalıdır: "Rusiyadan olan deputatlar müzakirələrdə özlərini çox aqressiv aparırdılar. Onlar arasında deputat Altinos daha çox fəallıq nümayiş etdirirdi. Biz rusiyalı deputatların Kosovo ilə Dağlıq Qarabağ münaqişəsini eyniləşdirmələrinə kəskin reaksiya verdik. Bildirdik ki, Kosovo ilə Dağlıq Qarabağı eyniləşdirmək olmaz. Ən azı ona görə ki, Kosovonun Yuqaslaviyanın tərkibindəki statusu ilə Dağlıq Qarabağın keçmiş statusu eyni olmayıb. Eyni zamanda ermənilər Dağlıq Qarabağa sonradan köçürülüblər".

Onun sözlərinə görə, seminarda iştirak edən digər nümayəndə heyətləri və NATO Parlament Assambleyasının rəhbərliyi bildiriblər ki, Kosovoya veriləcək status digər münaqişələr üçün presedent ola bilməz.

NATO Parlament Assambleyasının 66-cı Rouz-Rout seminarı iyunun 23-dən 27-dək Xorvatiyanın Dubrovnik şəhərində keçirilib.

Üç gün davam edən seminarda  əsasən Balkanlarda sərhəd və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub, Albaniya, Xorvatiya və Makedoniyanın NATO-ya inteqrasiyasına baxılıb. Eyni zamanda, Kosovonun statusu ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Seminarda Azərbaycanı deputatlar Siyavuş Novruzov və Məlahət Həsənova təmsil ediblər.

Xəbər lenti

Xəbər lenti