...

Uçan binada mənzil almış şəxslərə dəyən ziyan mülki qaydada ödənilməlidir

Cəmiyyət Materials 18 Oktyabr 2007 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,Müxbir K. Zərbalıyeva/ Bakı şəhərində hündürmərtəbəli yaşayış binasının uçması ilə bağlı qaldırılmış cinayət işi üzrə 200-dək şəxs şahid qismində dindirilib. Bakı şəhər prokurorluğundan cümə axşamı Trend ə bildirilib ki, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 185 saylı ünvanda binanın üçması ilə bağlı açılmış cinayət işi üzrə 32 nəfər zərərçəkən qismində tanınıb ki, onlardan da 25-i hadisə zamanı həlak olanlardır.

"Mütəfəkkir" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən on beş mərtəbəli yaşayış binası 28 avqust 2007-ci il tarixdə saat 18 radələrində uçub.

Faktla bağlı həmin gün Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 222.2 və 222-1.2 maddələri (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina tikmə) ilə cinayət işi başlanıb. İlkin istintaq araşdırmaları ilə müəyyən edilib ki, göstərilən ünvanda Bakı şəhər İcra Hakimiyyəti Başçısının 30 noyabr 1994-cü il tarixli 1673 saylı sərəncamı ilə, Azərbaycan Sənaye İnvestisiya və Səhmdar Kommersiya Bankına və "Mütəfəkkir" kooperativinə yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsi həmin məqsəd üçün "Mütəfəkkir" müəssisəsinin adına rəsmiləşdirilib.Həmin sərəncamın yalnız tikintinin lahiyələşdirilməsinə əsas verdiyinə baxmayaraq, şəhər İcra Hakimiyyətinin Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyindən müvafiq icazə alınmadan, tikinti obyektinin işçi lahiyə sənədləri aidiyyəti orqanlarla razılaşdırılmadan, "Mütəfəkkir" MMC-nin baş direktoru Əli Muradov qanunun tələblərini kobud surətdə pozaraq,2002 - ci ildən özbaşına binanın inşasına başlayıb. Bakı şəhər Prokurorluğundan bildirilib ki, istintaqda dindirilən şahidlərdən 100-ü həmin binadan mənzil almaq üçün "Mütəfəkkir"in rəhbərliyi ilə müqavilə imzalayanlardır. Həmin şəxslərin hüquqlarının qorunması mülki mühakimə qaydasında müdfiə olunacaq. Belə ki, həmin şəxslər onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə şirkət rəhbərliyinə qarşı mülki iddia qaldırmalıdır. "Bundan sonra onlara vurulmuş ziyan hesablanmalı və ödənilməlidir"-deyə şəhər prokurorluğundan bildirilib.

İstintaq zamanı müəyyən olunub ki, obyektin sifarişçisi kimi tikinti işlərinin maliyyələşdirilməsi və ona rəhbərlik edilməsi, işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının təmin edilməsi vəzifəsini daşıyan Əli Muradov, eləcə də MMC-nin mühəndisi Əsgər Əliyev və iş icraçıları Fərhad Həsənov və Qədir Səlimov tikintiyə çəlb etdikləri fəhlələrin sağlam və təhlükəsiz əmək şəraitini təmin etməli olduqları halda, onlarla əmək müqavilələri bağlamamış,onları texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırmayaraq, xüsusi qoruyucu vasitələrlə təhciz etmədən, tikinti işlərinə cəlb ediblər. Eyni zamanda, binanın inşasına rəhbərlik etmiş qeyd olunan şəxslər tərəfindən tikintiyə aid qüvvədə olan norma və qaydalar da kobud şəkildə pozulub, betonlama işləri aparılarkən müvafiq texnologiyalara əməl edilməyib.

Törətdiyi əməllərə görə Əli Muradov, mühəndis Əsgər Əliyev, iş icraçıları Fərhad Həsənov, Qədir Səlimov və Bakı Şəhər İcra Hakimiyyətinin idarə rəisi Akif Məhərrəmli həbs ediliblər.

Xəbər lenti

Xəbər lenti