Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir K.Zərbəliyeva/ Azərbaycanın paytaxtı Bakı şəhərində baş verən bina uçqunu ilə bağlı məhkəmə yanvarın 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçiriləcək. Bu barədə cümə günü Trend ə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən bildirilib.
Ötən ilin avqustunda Bakıda Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 185 saylı ünvanda "Mütəfəkkir" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən inşa edilən on beş mərtəbəli yaşayış binası tamamilə uçub, nəticədə uçqun altında qalan 5 nəfər tikinti işçisi - Emin Babayev, Aydın Əhmədov, Arzu Məmmədov, Arif və Habil Feyziyevlər ölüb, 4 nəfər - Əzizağa Axundov, İbrahim İbrahimov, Ramil Nəzərov, Rauf Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 222.2 və 222-1.2 maddələrinin (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina tikmə) əlamətləri ilə cinayət işi başlanılıb.
Törətdiyi əməllərə görə "Mütəfəkkir" MMC-nin baş direktoru Muradov Əli Məhəmməd oğlu, MMC-nin mühəndisi Əsgər Əliyev və iş icraçıları Fərhad Həsənov, Qədir Səlimov həbs ediliblər. Əli Muradov istintaq təcridxanasında vəfat etdiyi üçün cinayət işinin Muradovla bağlı hissəsinə xitam verilib.