...

"Azadlıq" radiosunun əməkdaşı Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib

Cəmiyyət Materials 8 May 2008 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı,08 may / Trend , müxbir K. Zərbalıyeva/ "Azadlıq" radiosunun Naxçıvan üzrə bölgə müxbiri İlqar Nəsibovun vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriblər. Jurnalistin müdafiəçiləri Naxçıvan şəhər Polis İdarəsinin rəisi Səbuhi Novruzovun xüsusi ittiham qaydasında şikayəti əsasında ölkədaxili məhkəmə instansiyalarının jurnalistə qarşı çıxardığı qərarları hüquqa zidd hesab edirlər.

İlqar Nəsibov həyat yoldaşı, jurnalist Məlahət Nəsibova ilə birlikdə 2007-ci ilin noyabrında Naxçıvandakı ticarət mərkəzlərinin biri sökülərkən reportaj hazırladıqlarına görə, polisin təzyiq və təhqirlərinə məruz qalıblar. Nəsibov üzləşdikləri olayla bağlı Azərbaycan prezidentinin veb saytına elektron poçtla şikayət göndərib. Bunun ardınca Naxçıvan şəhərinin polis rəisi Səbuhi Novruzov elektron poçta göndərilən şikayətdə yazılan ifadələri özünə qarşı böhtan sayaraq, xüsusi ittiham qaydasında cinayət təqibi üçün Naxçıvan şəhər prokurorluğuna müraciət edib. Prokurorluq şikayəti qəbul edərək məhkəməyə göndərib, Naxçıvan Məhkəməsi isə, İlqar Nəsibovu, Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) ilə təqsirli bilərək, 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

İlqar Nəsibovun apellyasiya şikayəti təmin olunmayıb. Məhkəmə polis rəisi Novruzovun şikayətini geri götürməsi əsası ilə, xüsusi ittiham qaydasında, iş üzrə icraata xitam verilməsi haqqında qərar verib. Vəkillər hesab edir ki, ölkə məhkəmələri polis rəisinin şikayəti üzrə qərarlar verərkən Nəsibovun Avropa İnsan Haqları Konvensiyasında təsbit olunmuş ifadə azadlığına (Maddə 10) və ədalətli məhkəmə araşdırması hüququna (Maddə 6) müdaxilə ediblər. Avropa Məhkəməsindən ərizəçinin hüquqlarının pozuntusunun tanınması, onların işlə bağlı çəkdiyi xərclərin və mənəvi zərərin ədalətli əvəzinin ödənilməsinin təmin olunması xahiş edilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti