...

Azərbaycanın "İnter" və "Neftçi" klublarının avrokubok oyunlarını tablosuz stadionda keçirmək təhlükəsi yaranıb – stadion direktoru

Cəmiyyət Materials 2 İyul 2008 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir R.Ergün/Azərbaycanın "İnter" futbol klubu Çempionlar Liqasında Makedoniyanın "Rabotniçki" komandası ilə ilk oyununu tablosu olmayan stadionda keçirə bilər. Bu barədə çərşənbə günü Trend -a Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.

Trend -un arayışı: T.Bəhramov adına stadionun köhnə tablosu yenisi ilə əvəzləndiyi üçün, "Neftçi" klubunun UEFA-İntertoto kubokunda Slovakiyanın "Nitra" komandası ilə ilk oyununda tablodan istifadə olunmamışdı. İndi həm "Neftçi"nin UEFA-İntertoto kubokunda iyulun 12-də Belçikanın "Jerminal", həm də "İnter"in Çempionlar Liqasında iyulun 15-də Makedoniyanın "Rabotniçki" komandası ilə oyunlarını tablosu olmayan stadionda keçirmək təhlükəsi yaranıb.

İsmayılov bildirib ki, müasir standartlara cavab verən yeni tablo hələ də Azərbaycana gətirilməyib. "Tablonu Koreyadan gətirməli idilər. Bildiyimə görə, tablo hazırda İrandadır. Ola bilsin ki, həm "Neftçi", həm də "İnter" öz oyunlarını tablosu olmayan stadionda keçirdi. Amma bu mənim günahım deyil", - deyə stadion direktoru əlavə edib.

Azərbaycanı UEFA kubokunda təmsil edəcək "Xəzər-Lənkəran" və "Olimpik" klublarının isə, tablo ilə bağlı problemləri yoxdur. "Xəzər-Lənkəran"ın UEFA kubokunda ilk oyununu Lənkərandakı stadionunda keçirəcəyi gözlənilir. "Olimpik" isə, UEFA ilə danışıqlardan sonra öz meydanında keçirməli olduğu ilk oyununu rəqib meydanında keçirəcək.

UEFA kubokunda ilk oyunlar iyulun 17-də keçiriləcək. İsmayılovun dediyinə görə, həmin vaxtadək tablo məsələsinin həll olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti