...

Azərbaycan məhkəməsi polisin işgəncə verməsi faktı ilə bağlı araşdırma aparılması barədə qərar qəbul edib

Cəmiyyət Materials 9 Oktyabr 2008 12:29 (UTC +04:00)
Azərbaycan məhkəməsi polisin işgəncə verməsi faktı ilə bağlı araşdırma aparılması barədə qərar qəbul edib

Azərbaycan, Bakı, 09 oktyabr /Trend News, müxbir K.Zərbalıyeva/ Azərbaycanın qərbində yerləşən (paytaxt Bakıdan 365 kilometr aralı) Gəncə şəhər Nizami rayon məhkəməsi hamilə qadına işgəncə vermiş polis şöbəsinin rəis müavini barəsində xüsusi araşdırma aparılması barədə qərar qəbul edib.

Gəncə şəhər prokurorluğundan cümə axşamı Trend -a verilən məlumata görə, məhkəmə müstəntiqin Nizami rayon polis şöbəsinin rəis müavini Sulduz Məmmədov barəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərarını ləğv edib.

Trend News-un arayışı: İyulun 2-də Gəncə şəhər sakini Zəkiyyə Həziyeva mətbuat konfransı keçirərək, Nizami rayon polis şöbəsinin rəis müavini Məmmədov və şöbənin bir neçə əməkdaşı tərəfindən işgəncələrə məruz qaldığını deyib.

O bildirib ki, iyunun 20-də bir müddət əvvəl Gəncədə qətlə yetirilən Nadejda Nəzərlinin qətli ilə bağlı açılmış cinayət işi üzrə istintaqa şahid qismində çağrılıb.

Zərərçəkmişin sözlərinə görə, Məmmədov onu qətli törətdiyini etiraf etməyə məcbur edib. Rəis müavini tərəfindən təhqir olunduğunu, işgəncələrə məruz qaldığını deyən Həziyeva işgəncələr nəticəsində bətnindəki uşağını itirdiyini bildirib.

İşgəncə faktının araşdırılması və cavabdehlərin məsuliyyətə alınması üçün Həziyeva hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib.

Zərərçəkmişin baş prokuror Zakir Qaralova müraciətindən sonra Gəncə şəhər prokurorluğunda faktla bağlı araşdırma başlasa da, Məmmədov barəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərar çıxarılıb.

Müstəntiqin qərarı ilə razılaşmayan Həziyeva qərardan Nizami rayon məhkəməsinə şikayət verib.

Nizami rayon məhkəməsi şikayəti araşdıraraq müstəntiqin qərarının ləğv olunması, faktın yenidən araşdırılması barədə qərar qəbul edib.

Gəncə şəhər prokurorluğundan bildirilib ki, işgəncə faktı ilə bağlı prokurorluqda yenidən araşdırma başlayıb.

Bir müddət öncə mətbuata açıqlamasında daxili işlər nazirinin müavini Oruc Zalov bildirib ki, Azərbaycanda son 3 ildə vətəndaşlara qarşı zorakılıq törədən və onların hüqularını pozan 19 polis əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.

Nazir müavini qeyd edib ki, son 3 ildə bu qanunsuz əməllərə görə, 40 polis əməkdaşı daxili işlər orqanları sıralarından azad edilib, 300 nəfər polis intizam məsuliyyətinə cəlb olunub.

Zalov polisin vətəndaşlara qarşı zor tətbiq etməsi və polisin adına ləkə gətirməsinin yolverilməz olduğunu vurğulayıb və qeyd edib ki, DİN-nin rəhbərliyi vətəndaşlara qarşı zorakılıq hallarının araşdırmasını xüsusi nəzarətdə saxlayıb və belə polisləri ən ağır formada cəzalandırır.

Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov isə açıqlamalarında işgəncə faktlarının daha çox polis orqanlarında qeydə alındığını bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti