...

Belə səhvlər buraxa-buraxa çempionluqdan danışmaq olmaz – "Neftçi" klubunun futbolçusu

Cəmiyyət Materials 20 Oktyabr 2008 13:17 (UTC +04:00)
Belə səhvlər buraxa-buraxa çempionluqdan danışmaq olmaz – "Neftçi" klubunun futbolçusu

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" klubunun futbolçusu Rəşad Sadıqov hesab edir ki, bundan sonra çempionluq uğrunda mübarizə aparmaq çətin olacaq.

"Uşaq səhvləri buraxa-buraxa çempionluqdan danışmaq olmaz. Bundan sonra çempion olmağımız çətin olacaq. Qarşıdakı oyunlarda qələbə qazanmaqla yanaşı, əsas rəqiblərimizin də xal itirəcəyinə ümid etməliyik", bazar ertəsi Trend -a Sadıqov deyib.

"Neftçi" dünən Lənkəranda Azərbaycan Premyer-Liqasında əsas rəqibi olan "Xəzər-Lənkəran" klubu ilə oynayıb və 0:2 hesabı ilə məğlub olub. Bu oyundan sonra "Neftçi"nin çempionluq şansları bir qədər də azalıb.

"Neftçi" hazırda turnir cədvəlində 9-cu yerdədir.

Müdafiəçi mövqeyində çıxış edən Sadıqov bildirib ki, "Neftçi" "Xəzər-Lənkəran"la görüşün birinci hissəsində yaxşı təsir bağışlasa da, fasilədən sonra gözlənilən oyunu göstərə bilməyib.

"Xəzər-Lənkəran" birinci qolu vuranda qapıçımız Vladimir Miçoviç topu düzgün ötürmədi. O, topu düz rəqib futbolçunun üstünə vurdu. Bəzi futbolçularımızın bu oyunda iştirak edə bilməməsi də müəyyən qədər təsirini göstərdi", - deyə futbolçu əlavə edib.

Sadıqov Azərbaycan yığma komandasının kapitanıdır. O, əvvəllər Türkiyənin "Karserispor" klubunda çıxış edib.

Müdafiəçi "Xəzər-Lənkəran"la oyunda "Neftçi"nin futbolçularını sona kimi dəstəkləyən azarkeşlərə minnətdarlıq edib.

"Neftçi" klubunun baş məşqçisi almaniyalı Hans Yurgen Gededir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti