...

Gürcüstan azərbaycanlıları problemlərinə lazımi diqqətin ayrılmamasından şikayətlənirlər – millət vəkili

Cəmiyyət Materials 9 Yanvar 2009 14:07 (UTC +04:00)
Gürcüstan azərbaycanlıları problemlərinə lazımi diqqətin ayrılmamasından şikayətlənirlər – millət vəkili

Azərbaycan, Bakı, 09 yanvar / Trend , müxbir C.Babayeva/ Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycan hökuməti tərəfindən onların problemlərinə lazımi diqqətin ayrılmamasından şikayətlənirlər.

"Gürcüstan azərbaycanlıları milli şüuru itirmək həddindədirlər. Onlar Gürcüstan cəmiyyətinə inteqrasiya deyil, assemilyasiyaya məruz qalırlar. Gürcüstan azərbaycanlıları bu məsələdən çox ciddi narahatdırlar və onun həllini həm Gürcüstan, həm də Azərbaycan hökumətindən tələb edirlər", - cümə günü Trend -a Nəsib Nəsibli, Azərbaycan parlamentinin müxalif "Müsavat" deputat qrupunun üzvü bildirib.     

Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda, əsasən Kvemo-Kartli regionunda (Borçalı) təxminən 500 min azərbaycanlı yaşayır.

Gürcüstan azərbaycanlıları dövlət dilinin öyrənilməsi, doğma dildə təhsil, torpaq sahələrinin alınması və onlara dövlət orqanlarında yüksək vəzifələrin verilməsi ilə bağlı problemlərdən şikayətlənirlər.

Bu günlərdə Azərbaycan parlamentinin deputatları - Nəsib Nəsibli, Gültəkin Hacıyeva, Musa Quliyev, Lalə Abbasova və ictimaiyyət nümayəndələri Gürcüstan azərbaycanlılarının problemləri ilə tanış olmaq məqsədilə bu ölkəyə səfər ediblər. 

Nəsibli Gürcüstan azərbaycanlılarının problemləri ilə bağlı parlamentdə müzakirələrin aparılması üçün dəfələrlə təşəbbüs qaldırsa da, heç bir nəticə olmayıb.

Nəsibli hesab edir ki, Gürcüstan azərbaycanlılarının bütün problemləri bu ölkənin problemləridir. "Kvemo-Kartli (Borçalı) Gürcüstanın bir hissəsi olduğuna görə, ölkə hökuməti Gürcüstan azərbaycanlılarının - ölkə  vətəndaşlarının problemlərini həll etməyə borcludur. Azərbaycan üçün Gürcüstan azərbaycanlıları soydaşlardır. Azərbaycan hökuməti onların problemlərinin həllindən kənarda qalmamalıdır", - millət vəkili deyib.   

Nəsibli deyib ki, Grcüstan azərbaycanlılarının yaşadıqları rayonların qazlaşdırılması ilə bağlı vəziyyət acınacaqlıdır. "Yeddi kənddən ibarət və 25-30 min azərbaycanlının yaşadığı Qaraçöp anklavı qaz xəttinin yaxından keçməsinə baxmayaraq, qazlaşdırılmayıb. Anklavda həmçinin su xətti də çəkilməyib. Azərbaycan hökuməti bu problemlərə də diqqət verməlidir", - Nəsibli bildirib.    

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti