Azərbaycan, Bakı, 29 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycanda doqquz illik təhsil bazasından orta ixtisas məktəblərində bu il ayrılan 9516 plan yerinə 26408 abituriyent sənəd verib. Onlardan 15958 nəfəri qız, 10450 nəfəri oğlandır.
Orta ixtisas məktəblərinə qəbul imtahanı avqustun 30-da Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Quba və Göyçay şəhərlərində 50 binada keçiriləcək, şənbə günü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, Bakı şəhərində - 11307, Sumqayıtda - 2310, Naxçıvanda - 824, Gəncədə - 3338, Lənkəranda - 1525, Mingəçevirdə - 1416, Şəkidə - 1150, Şirvanda - 1572, Qubada - 1409, Göyçayda - 1557 abituriyent imtahan verəcək. 1697 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 206 imtahan rəhbəri cəlb olunub.
Builki tədris ilində 9 illik təhsil bazasından 672 ixtisas üzrə 47 orta ixtisas məktəbinə qəbul aparılır. 9516 plan yerindən 5652-si ödənişsiz, 3864-ü ödənişli əsaslarla olan ixtisaslardır. Onlardan 8548 yer Azərbaycan bölməsinə: 4942 ödənişsiz, 3556 ödənişli və 222 yer rus bölməsinə: 145 ödənişsiz, 77 ödənişli və 746 yer birgə müsabiqə aparılan ixtisaslara: 515 ödənişsiz, 231 ödənişli aiddir.
Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fənndən 15 sual olmaqla ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı, Azərbaycan dili fənnindən də imtahan verəcəklər. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunacaq.
İmtahanın nəticələri sentyabrın 5-dək TQDK-nın internet saytında yerləşdiriləcək, qəbul olanların siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]