...

"Trend" beynəlxalq informasiya məkanında ciddi oyunçuya çevrilib

Cəmiyyət Materials 17 Fevral 2010 11:26 (UTC +04:00)
SSRİ-nin dağılması və Azərbaycanın müstəqillik əldə etməsi müstəqil yerli KİV-lərin yaranmasında böyük rol oynadı. Düz 15 il bundan əvvəl TREND nüfuzlu müstəqil informasiya agentliyinin yaradılması ideyası ilə təsis edildi. Agentliyin beynəlxalq əməkdaşlıq üzrə direktoru Elçin Hüseynov 525-ci qəzetə müsahibəsində TREND-in beynəlxalq informasiya məkanına sürətli daxil olması və kütləvi mediada bugünkü ictimai rolu barədə danışıb.
"Trend" beynəlxalq informasiya məkanında ciddi oyunçuya çevrilib

SSRİ-nin dağılması və Azərbaycanın müstəqillik əldə etməsi müstəqil yerli KİV-lərin yaranmasında böyük rol oynadı. Düz 15 il bundan əvvəl TREND nüfuzlu müstəqil informasiya agentliyinin yaradılması ideyası ilə təsis edildi. Agentliyin beynəlxalq əməkdaşlıq üzrə direktoru Elçin Hüseynov 525-ci qəzetə müsahibəsində TREND-in beynəlxalq informasiya məkanına sürətli daxil olması və kütləvi mediada bugünkü ictimai rolu barədə danışıb.

-15 illik müddət inkişaf tarixi, informasiya bazarındakı nailiyyətlər və dəyişikliklər barədə danışmaq üçün kifayətdir. Əgər 10-15 il əvvəl ölkənin kütləvi mediası kiçik məsələləri həll edirdisə, hazırda digər - genişmiqyaslı və beynəlxalq səviyyəli məsələləri həll edir. Siz bütün bunlarla bağlı nə deyə bilərsiniz?

- Şübhəsiz ki, hazırda vəzifələr çox fərqlənir. Məsələn, əgər 15 il əvvəl hər bir xəbərimizin operativliyi günlərlə, 10 il əvvəl saatlarla hesablanırdısa, hazırda dəqiqələr, hətta saniyələr uğrunda mübarizə gedir. Əgər fəaliyyətimizin əvvəllərində informasiyanın keyfiyyəti və dolğunluğu dəqiq parametrlərlə ölçülmürdusə, hazırda beynəlxalq sahədə tanınmaq üçün informasiya bütün müasir tələblərə tam şəkildə cavab verməlidir. Və bu kifayət qədər çətindir və hər kəsə nəsib olmur. Biz yüksək beynəlxalq tələblərə uyğun işləyən kollektiv hazırladıq və bunu xaricdəki həmkarlarımız da görür və qiymətləndirirlər.
2005-ci ildə TREND Azərbaycan üçün qısa müddətdə nüfuzlu beynəlxalq informasiya agentliyi yaratmaq təşəbbüsü ilə KİV-in inkişafı sahəsində unikal təcrübə həyata keçirməyə başladı. Bu gün isə artıq əminliklə demək olar ki, biz düzgün yoldayıq və TREND hazırda beynəlxalq informasiya məkanında kifayət qədər ciddi oyunçuya çevrilib. TREND agentliyinin 2009-cu ilin oktyabrında Pekin Dünya Media Forumuna dəvət olunması buna sübutdur.
Müasir media sahəsində sözün əsl mənasında inqilab yaratmış və ənənəvi KİV-in yeni vəzifələrini müzakirə etmiş beynəlxalq informasiya strukturlarının bu genişmiqyaslı sammitində dünyanın nəhəng informasiya agentliklərinin, mətbuat, radio, televiziya kanallarının, internet şirkətlərinin rəhbərləri toplanmışdı. Sammitin təşkilatçılarını sadalamaq kifayətdir - Rupert Merdok öz News Corporation-ı ilə, Xinhua, BBC, AP, Reuters, İTAR-TASS, Turner broadcasting system, Google, Kiodo və b. Bu sammitdə iştirak etməyimiz heç şübhəsiz ki, işimizin keyfiyyətinə verilən dəyər və ümumilikdə, Azərbaycan KİV-nin səviyyəsidir. TREND-in bu cür inkişafı ölkədə mətbuat, peşəkar jurnalist hazırlığı üçün yaradılan şəraitin nəticəsidir. Bu cür uğurlara təkbaşına nail olmaq mümkün deyil.
Agentliyin gündəliyində bir çox vəzifələr durur. Bu vəzifələrin uğurla həyata keçirilməsi yalnız TREND-in beynəlxalq nüfuzunu yüksəltmir, eləcə də Azərbaycan KİV-nin dünya media sahəsindəki təsirinin möhkəmlənməsinə yardım edir.

- İnformasiyaları özünəməxsus tərzdə oxucu auditoriyasına çatdıran TREND-in öz üslubu var və bu materiallarda aydın görünür. Bunu TREND brendi hesab etmək olarmı?

- Əlbəttə. Hələ ötən əsrin 90-cı illərində TREND-in xəbərlərinin verilməsi həmin dövrün müəyyən qabaqcıl detalları ilə fərqlənib və biz bununla fəxr edirik. Lakin indi müəyyən zaman keçəndən sonra həmin illərdəki xəbərlərimizə baxıb gülümsəyirəm və hər dəfə əmin oluram ki, qabaqcıl təcrübələri öyrənməklə daim irəli hərəkət etmək lazımdır.
TREND-ə gəlincə, hələ iki il əvvəl agentlik özünün Üslub Kitabı-nı yaradıb. Bu kitab dünyanın qabaqcıl jurnalistika təşkilatlarının tətbiq etdiyi parametrlər əsasında hazırlanıb. Nəticədə müxtəlif beynəlxalq təşkilatlar TREND-in jurnalistlərini və analitiklərini yaxın və uzaq xaricdə keçirilən beynəlxalq forumlar çərçivəsində ekspert çıxışları üçün davamlı şəkildə dəvət edirlər.
Kollektivin bu təcrübəsi müxtəlif ali təhsil müəssisələrindən hər il TREND-də təcrübə keçən gələcək jurnalistlərə stimul verir, öz ixtisaslarını daha dərindən öyrənməyə ruhlandırır.
Qeyd etmək yerinə düşərdi ki, MDB ölkələri arasında ilk dəfə olaraq TREND Moody's International sertifikatı alıb.

- Hələ 15 il əvvəl ölkədə cəmi bir neçə agentlik fəaliyyət göstərirdi və informasiya sahəsində işləmək asan idi. Hazırda vəziyyət başqa cürdür, rəqabət güclüdür və təbii ki, məhsullarınızı satmaq da çətindir. Bu sizin işinizə təsir edirmi?

- Mən belə deməzdim. Əgər rəqabətdən danışsaq, əksinə, bu, bizim yaradıcılıq səviyyəmizi artırır, peşəkar axtarışlar çərçivəsini genişləndirməyə və bir yerdə dayanmamağa vadar edir. Məşhur bir şüar var "Reklam ticarətin hərəkətverici qüvvəsidir". Mən isə bu deyimi bir qədər dəyişib, belə deyərdim: "Rəqabət inkişafin hərəkətverici qüvvəsidir".
Rəqabətin, əlbəttə ki, sağlam rəqabətin mövcud olması jurnalistləri daha da peşəkarcasına işləməyə məcbur edir. Bunun üçün isə rəqiblərə yalnız təşəkkür etmək lazımdır.
Bu il 90 illiyini qeyd edən AzərTAc Dövlət Agentliyini qeyd etmək lazımdır. Bu agentliyin çoxillik təcrübəsi olan kollektivi Azərbaycanda mətbuatın təşəkkül tapmasında və ölkə haqqında dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayıb.
TREND-in başlıca uğuru gənc, çoxdilli jurnalistlərdən ibarət ambisiyalı kollektivin peşəkar fəaliyyətinə əsaslanan beynəlxalq imicin qazanılmasıdır. Beynəlxalq ekspertlərin köməyi ilə Agentliyin əməkdaşları müasir jurnalistika təcrübəsinə yiyələniblər. Bu təcrübə materialların oxuculara yüksək keyfiyyətlə, məhz balanslaşdırılmış və qərəzsiz formada çatdırılmasına imkan yaradır.

- Siz xarici həmkarlarınızla necə münasibətlər yaradırsınız? Beynəlxalq media bazarına "daxil olmaq" nə dərəcədə çətindir?

- Hələ görüləcək işlər çoxdur, lakin hazırda fəxr ediləsi məqamlar da kifayət qədərdir. Hazırda TREND Xəzər regionu və Mərkəzi Asiyanın nüfuzlu informasiya agentliyi kimi mövqe tutur. Azərbaycan və həmin regionların eksklüziv xəbərləri və analitik materialları bizim biznes-mediamızın əsəs tərkib hissəsidir. Hazırda ən mühüm vəzifə məhsulların xaricdə satışıdır. Bu məqsədlə beynəlxalq media-marketinqi bacarıqla mənimsəyəcək, qərb alıcılarını məhsullarımızın üstünlüklərinə inandıracaq tamamilə yeni marketinq və kommersiya xidmətləri qurulub. Əvvəllər Azərbaycanda agentliklərdə bu cür təcrübə, bu sahədə mütəxəssislər yox idi. Bu yolda birinci olarduğumuz üçün çox işlər görmək lazım gəlir, biz iş prosesində təcrübə qazaniriq, formalaşırıq.
Artıq sevindirici haldır ki, bizim xəbər, analitik və multimedia məhsullarımızın istehlakçıları dünyanın ən nüfuzlu KİV-ləridir. Bu isə istənilən informasiya agentliyinin fəaliyyətinin ən mühüm göstəricilərindən biridir. Nəticə olaraq, hazırda TREND-in media tərəfdaşları arasında kifayət qədər nüfuzlu beynəlxalq KİV-lər var.

Bu gün agentliyin kollektivinin qarşısında daha mühüm vəzifələr dayanır və biz qarşımıza qoyduğumuz məqsədlərə nail olmaqda qətiyyətliyik.

Xəbər lenti

Xəbər lenti