...

Heydər Əliyev Fondunun dəstəyi ilə şəkərli diabet xəstəliyi olan uşaqlara dərman preparatları paylanılıb (FOTO)

Cəmiyyət Materials 24 Sentyabr 2010 13:31 (UTC +04:00)
Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşən layihə çərçivəsində sosial baxımdan aztəminatlı ailələrdən seçilmiş I tip şəkərli diabeti olan 18 yaşa qədər 200 pasiyentə 2 000 şpris-qələmdən ibarət 400 qutu "Apidra" insulin preparatı təqdim olunub.
Heydər Əliyev Fondunun dəstəyi ilə şəkərli diabet xəstəliyi olan uşaqlara dərman preparatları paylanılıb (FOTO)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir T.Hacıyev/

Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşən layihə çərçivəsində sosial baxımdan aztəminatlı ailələrdən seçilmiş I tip şəkərli diabeti olan 18 yaşa qədər 200 pasiyentə 2 000 şpris-qələmdən ibarət 400 qutu "Apidra" insulin preparatı təqdim olunub. Trend-in məlumatına görə, cümə günü Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində olan Heydər Əliyev Muzeyində bununla bağlı tədbir keçirilib.

Heydər Əliyev Fondunun icraçı-direktoru Anar Ələkbərov tədbirdə çıxışı zamanı uşaqlara və valideynlərə Fondun prezidenti Mehriban xanım Əliyevanın salamını çatdırıb. Ələkbərov deyib ki, Heydər Əliyev Fondu yarandığı gündən etibarən, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan uşaqlara qayğı göstərir.

Onun sözlərinə görə, bu günə kimi on minlərlə xəstə insan Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda və xaricdə əməliyyat olunub. Fondun icraçı-direktoru deyib ki, hazırda Azərbaycanın bölgələrində tibb ocaqlarının yaradılması istiqamətində işlər görülür.

Daha sonra şəkərli diabet xəstəliyi olan uşaqlara dərmanlar paylanılıb.

I tip diabet xəstəliyindən əziyyət çəkənlərin dərman preparatı ilə təminatına yönələn layihənin məqsədi, qısamüddətli təsirə malik insulin yeridilməsinə ehtiyac duyan uşaq və yeniyetmələri dərman preparatı ilə təmin etməklə yanaşı, pasiyentlərin 6 ay müddətində həkim nəzarəti altında saxlanması, lazımi müayinələrin aparılması və "Apidra" preparatının həkim göstərişinə əsasən təyin edilməsidir.

Bu məqsədlə I tip şəkərli diabet xəstəliyi olan 18 yaşına çatmamış uşaqların müalicəsi ilə məşğul olan Respublika Endikrinoloji Mərkəzinin, 6 saylı Uşaq Endikrinoloji Xəstəxanasının, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonunun həkim-endokrinoloqları layihədə iştirak edəcəklər.

"Apdira" 2004-cü ildə ABŞ və Avropada qeydiyyata alınıb, 2008-ci ilin oktyabrında isə Azərbaycanda dövlət qeydiyyatından keçib.

Xəbər lenti

Xəbər lenti