...

Azərbaycanda məhkumların hüquqlarının təmin olunması məqsədilə daxili intizam qaydalarına dəyişiklik edilib

Cəmiyyət Materials 27 Sentyabr 2010 18:17 (UTC +04:00)
Azərbaycanda məhkumların hüquqlarının təmin olunması məqsədilə "Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları"na dəyişiklik edilib.
Azərbaycanda məhkumların hüquqlarının təmin olunması məqsədilə daxili intizam qaydalarına dəyişiklik edilib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda məhkumların hüquqlarının təmin olunması məqsədilə "Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları"na dəyişiklik edilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, nazirlikdə bu gün keçirilən Kollegiya iclasında qaydalar hərtərəfli və geniş müzakirə olunaraq bəyənilib.

Ədliyyə naziri Fikrət Məmmədov Kollegiya iclasındakı çıxışında bildirib ki, penitensiar müəssisələrin fəaliyyətini tənzimləyən "Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları"nın təkmilləşdirilməsinə zərurət yaranıb. Məmmədovun sözlərinə görə, Qaydalara dəyişikliklər edilərkən Avropa Penitensiar Qaydaları, İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsi, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin tövsiyələri nəzərə alınıb.

Dəyişikliklər məhkumların hüquqlarının, o cümlədən təhlükəsizliyinin daha etibarlı təmin olunması, saxlanma şəraitinin beynəlxalq normalara uyğunlaşdırılması, islah işinin müasirləşdirilməsi, görüş imkanlarının və həvəsləndirmə tədbirlərinin genişləndirilməsi, məhkumların asudə vaxtlarını daha səmərəli keçirməsi və digər mühüm məsələlərə əlaqədardır.

İclasda məhkumlara göstərilən tibbi yardımla bağlı məsələlər müzakirə olunaraq, son illər tibb xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində tibbi yardım və dərman təminatının yaxşılaşdırılması, müalicə müəssisələrinin yeni müasir tibbi avadanlıqlarla təchiz olunması qeyd edilib.

Vərəmlə mübarizə sahəsində BQXK ilə birgə 1995-ci ildən cəzaçəkmə müəssisələrində 10 mindən artıq məhkum müalicə olunub, vərəmin ən ağır və təhlükəli formalarının səmərəli müalicəsi aparılıb, nəticədə ölüm hallarının sayı 30 dəfə azalıb, məhkumlar arasında bu xəstəliyin səviyyəsi xeyli aşağı enib. İclasda həmçinin bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Xəbər lenti

Xəbər lenti