...

Ekologiya Nazirliyi çaylarda gözlənilən daşqınlarla bağlı proqnozu açıqlayıb

Cəmiyyət Materials 13 Aprel 2011 16:00 (UTC +04:00)
Çay hövzələrinin dağlıq hissəsində qar ehtiyatının çox olması anomal temperatur artımında və davamlı yağışlar fonunda dağ çaylarında sel və daşqınların başvermə ehtimalını artırır.
Ekologiya Nazirliyi çaylarda gözlənilən daşqınlarla bağlı proqnozu açıqlayıb

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir T.Hacıyev/

Çay hövzələrinin dağlıq hissəsində qar ehtiyatının çox olması anomal temperatur artımında və davamlı yağışlar fonunda dağ çaylarında sel və daşqınların başvermə ehtimalını artırır. Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti (MHD) tərəfindən respublikanın çaylarında aprel-iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozunda qeyd olunub.

MHD-nin əməkdaşları tərəfindən mart ayında respublikanın çay axımının formalaşdığı yüksək dağlıq ərazilərində və çayların axım proqnozunun tərtibində müstəsna əhəmiyyətə malik qarölçmə işləri tam başa çatdırılıb. Qarölçmə işləri Böyük Qafqazda 580-2920 metr yüksəklikləri əhatə etməklə 16, Kiçik Qafqazda 900-3000 metr yüksəklikləri əhatə etməklə 7, Naxçıvan MR-də isə 5 marşrut üzrə həyata keçirilib. Aparılmış ekspedisiya işlərinin nəticəsi göstərir ki, respublikanın yüksək dağlıq çay hövzələrində 2011-ci ildə qar su ehtiyatı həm çoxillik norma, həm də 2010-cu il ilə müqayisədə daha çoxdur.

Belə ki, Qanıx çayının hövzəsində norma 77,9 mm olduğu halda bu il həmin hövzədə sululuq 132 mm-dir. Əyriçayın hövzəsi 72,8 mm olduğu halda hazırkı göstərici 157 mm-dir. Şirvan çaylarının hövzələrinda norma 53,6 mm-dir, lakin 2011-ci il üçün göstərici 173 mm-dir. Böyük Qafqazın şimal-şərq yamacı çaylarının hövzələrində norma 59,7 mm olduğu halda, hazırkı göstərici 58,9 mm-dir. Kiçik Qafqazın şimal-şərq çaylarının hövzələrində norma 57,3 mm olsa da, real göstərici 87,5 mm-dir. Naxçıvan MR çaylarının hövzələrində isə norma 67,1 mm-dir, lakin hazırkı göstərici 103 mm-dir.

Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu tərəfindən 2011-ci ilin yaz gursululuğunun, iri su anbarlarına gələn axımın, yüksək dağ çaylarının və transsərhəd çayların axım proqnozu hazırlanıb.

Belə ki, transsərhəd çaylar üzrə Kür çayından Şəmkir su anbarına axımın normanın 105-122, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 102-130, Araz çayından Araz su anbarına axımın isə normanın 101-117 faizini təşkil edəcəyi gözlənilir.

Respublikanın dağ çayları üzrə Böyük Qafqazın şimal-şərq yamacı (Quba-Xaçmaz) çaylarında sululuğun normanın 110-122, cənub-qərb yamacı (Balakən-Şəki, Oğuz-Qəbələ) çaylarında 110-162, Kiçik Qafqaz (Daşkəsən-Gədəbəy) çaylarında 100-130, Naxçıvan MR çaylarında 90-113, Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 98-105 faizini təşkil edəcəyi gözlənilir.

Gursululuq dövrünün, xüsusən də aprel və may aylarının ayrı-ayrı günlərində temperaturun kəskin yüksəlməsi və yüksək dağlıq ərazilərdə qarın əriməsi, eyni zamanda, gözlənilən leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın cənub-qərb yamacının (Kişçay, Şinçay, Talaçay, Kürmükçay, Göyçay, Girdimançay), şimal-şərq yamacının (Qusarçay, Qudiyalçay, Vəlvələçay, Qaraçay), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Zəyəmçay, Şəmkirçay, Qoşqarçay), Naxçıvan MR-in (Naxçıvançay, Cəhriçay, Gilançay, Əlincəçay) və Lənkaran-Astara bölgəsinin (Lənkərançay, Viləşçay, Astaraçay) çaylarından daşqın və sellərin keçəcəyi gözlənilir.

Əvvəlki illərdən fərqli olaraq aprel, may, iyun ayları üçün axım proqnozu temperatur və yağıntının normadan çox, normadan az və normaya yaxın halları üçün tərtib edilib.

2011-ci ildə respublikanın çay hövzələrinin dağlıq ərazilərində suvermə qabiliyyətinə malik qar su ehtiyatının 2010-cu ilə nisbətən 2-3 dəfə artıq olması Kürdə mümkün daşqının qarşısını almaq üçün ciddi faktordur.

2011-ci ilin mart və aprel ayının birinci ongünlüyündə Kür və Araz çaylarında faktiki səviyyə göstəriciləri keçən ilin müvafiq dövrünə nisbətən müxtəlif məntəqələr üzrə 30-287 sm aşağıdır. Belə ki, 2011-ci ilin 11 aprel tarixində Kür çayının Qıraqkəsəmən məntəqəsində 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə səviyyə 30 sm, Kür çayının Salyan məntəqəsində isə 287 sm aşağı olub.

Xəbər lenti

Xəbər lenti