Azərbaycan, Bakı, 23 may /Trend, müxbir T.Hacıyev/
Ukraynada Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamına uyğun olaraq Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən müxtəlif tədbirlər təşkil edilir. Bu barədə Trend-ə səfirlikdən bildirilib. Görülən işlərin davamı olaraq 28 may - Respublika Günündə Ukraynanın Birinci kanalında Azərbaycanın istehsalı olan "Hökmdarın taleyi" filminin nümayişi olacaq. 19-cu əsrin əvvəllərindən Azərbaycanda baş verən tarixi hadisələrdən bəhs edən ikihissəli bədii film səfirlik tərəfindən Ukrayna dilinə tərcümə olunub. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə film Ukraynada ilk dəfə göstəriləcək.
Artıq digər bir tarixi Azərbaycan filmi - "Cavad xan" bu il Novruz bayramı ərəfəsində Ukrayna tamaşaçılarına nümayiş etdirilib.
Bundan başqa, mayın 28-də Ukraynanın "Tonis" kanalının "Jurfiks" proqramında Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin müsahibəsi efirə gedəcək. Proqramda səfirliyin Respublika Günü ilə bağlı keçirəcəyi tədbirdən fraqmentlər göstəriləcək, o cümlədən Azərbaycanın zəngin mədəniyyətinin, incəsənətinin örnəkləri, mətbəximizin dadlı yeməklərinin hazırlanma qaydaları tamaşaçıların diqqətinə çatdırılacaq.