Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan tarixinin yenidən yazılması ilə bağlı layihə artıq müsabiqədən keçib və bir ayadək bununla bağlı müvafiq konsepsiya hazır olacaq. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bildirib.
"Konsepsiya hazır olandan sonra Azərbaycan tarixi ilə bağlı 3 cildlik kitab çap ediləcək", - Mahmudov deyib.
Onun sözlərinə görə, nəşrdə təkcə hazırkı Azərbaycan Respublikası ərazisi deyil, bütün Azərbaycan torpaqlarının - Dərbənd, Borçalı, indiki Ermənistan ərazisi, Cənubi Azərbaycanın tarixindən bəhs ediləcək.
"Azərbaycan tarixi əsaslı şəkildə, məqsədyönlü təhrif edilib. Tarixin dövrləşdirilməsi, ayrı-ayrı səhifələri saxtalaşdırılıb və müxtəlif yerlərdən olan diktə əsasında yazılıb", - Tarix İnstitutunun direktoru vurğulayıb.
Onun sözlərinə görə, yeni nəşr üzərində 3-4 il ərzində iş aparılacaq.
Azərbaycan tarixi haqqında yeni nəşr Azərbaycan, ingilis və rus dillərində hazılanacaq. Hazırda prosesə hazırlıq məqsədilə dünyanın bütün yerlərindən sənədlər toplanır.