...

Gələn il dövlət büdcəsindən səhiyyəyə 6 faiz çox maliyyə vəsaiti ayrılacaq

Cəmiyyət Materials 12 Oktyabr 2011 15:22 (UTC +04:00)
2012-ci ilin büdcəsində səhiyyə xərcləri 595,1 milyon manat məbləğində nəzərə tutulur. Azərbaycan Maliyyə Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu barədə 2012-ci il dövlət büdcəsi layihəsində qeyd olunub.
Gələn il dövlət büdcəsindən səhiyyəyə 6 faiz çox maliyyə vəsaiti ayrılacaq

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

2012-ci ilin büdcəsində səhiyyə xərcləri 595,1 milyon manat məbləğində nəzərə tutulur. Azərbaycan Maliyyə Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu barədə 2012-ci il dövlət büdcəsi layihəsində qeyd olunub.

Layihədə 2012-ci ildə büdcənin səhiyyə xərclərinin 2011-ci illə müqayisədə 5,7 faiz (31,9 mln. manat) artırılması proqnozlaşdırılıb.

Səhiyyə xərcləri üçün ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,5 faiz səviyyəsində olacaq.

2012-ci il dövlət büdcəsinin vəsaiti hesabına səhiyyə sahəsi üzrə bir neçə dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi təmin ediləcək. Layihədə qeyd edilir ki, xroniki böyrək çatışmazlığı üzrə tədbirlərə 23,5 mln. manat (2011-ci illə müqayisədə 1,8 mln. manat və ya 8,2 faiz çox), hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə tədbirlərə 20,6 mln. manat (2011-ci illə müqayisədə 4,6 mln. manat və ya 28,7 faiz çox), onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatına 14,5 mln. manat (2011-ci illə müqayisədə 0,2 mln. manat və ya 1,2 faiz çox), "Şəkərli diabet üzrə Dövlət Proqramı"na 12,2 mln. manat (2011-ci illə müqayisədə 0,5 mln. manat və ya 4,3 faiz çox) vəsaitin ayrılacağı nəzərdə tutulur.

Gələn il üçün icbari tibbi sığortanın tətbiqinə 30,1 milyon manat vəsaitin ayrılması planlaşdırılır.

Bununla yanaşı, maddi-texniki təminatın möhkəmləndirilməsi üçün 10,3 milyon manat, yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlərə 4,5 mln. manat (2011-ci illə müqayisədə 0,1 mln. manat və ya 2,6 faiz çox), vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsi üçün 3,5 mln. manat (2011-ci illə müqayisədə 0,5 mln. manat və ya 16,7 faiz çox), Azərbaycanda HİV/AİDS-in qarşısının alınması və onunla mübarizəyə 3 mln. manat, ana və uşaqların sağlamlığının qorunması üzrə tədbirlərə 2 mln. manat, qan və qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair tədbirlərə 1,5 mln. manat, səhiyyə müəssisələrinin yenidənqurulması və əsaslı təmirinə 3 mln. manat vəsaitin ayrılması nəzərdə tutulur. Layihədə səhiyyə sahəsi üzrə digər proqramların və tədbirlərin maliyyələşdirilməsinə vəsaitin ayrılması da planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti