Azərbaycan, Bakı, 17 oktyabr /Trend/
Azərbaycanlı gimnast Aliyə Qarayeva Çexiyanın Brno şəhərində keçirilən Qran-Pri seriyasından olan turnirdə beş bürünc medal qazanıb.
Milli yığmanın lideri artıq yarışın ilk günündə öz şöhrətini qoruyub saxlayıb. Trend-in məlumatına görə, bu barədə ölkənin Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatında deyilir.
Çoxnövçülük turnirində 114.65 bal toplayan Qarayeva üçüncü yerə yüksələrək dörd finalın hamısına çıxıb. Gimnastımızı yalnız rusiyalı idmançılar - Yevgeniya Kanayeva və Darya Dmitriyeva qabaqlayıb.
Yarışın ikinci günü azərbaycanlı gimnasta daha dörd mükafat gətirib. Qarayeva yenidən "bürünc" uğuru bu dəfə artıq ayrı-ayrı predmetlər üzrə təsdiqləyib. Aliyə buna qədər yüksək qiymətlər əldə etmək üçün cəsarət tapmışdı. Lentlə tapşırığa görə isə Aliyə 29.175 bal aldı.
"Fransadakı dünya çempionatından sonra məndə iki həftəlik fasilə yaranmışdı və öz çıxışlarımdan və hakimlərin mənə verdikləri ballardan çox razıyam, - Qarayeva deyib.
Onun sözlərinə görə, bu il gimnastı yenidən İtaliya çempionatının A1 seriyasında çıxış etməyə dəvət ediblər. "Odur ki, oktyabrın 22-də keçiriləcək birinci turda iştirak etmək üçün Fabrianoya gedəcəyəm", - gimnast deyib.
Digər azərbaycanlı gimnastlar isə İzmirə yola düşəcəklər. Oktyabrın 20-dən 23-dək Türkiyənin bu şəhərində Azərbaycan gimnastlarının iştirakı ilə beynəlxalq turnir keçiriləcək.