...

Xəzərdə seysmik stansiyaların quraşdırılması üçün amerikalı mütəxəssislər ölkəmizə səfər edəcəklər

Cəmiyyət Materials 19 Yanvar 2012 11:32 (UTC +04:00)
Xəzər dənizinin Azərbaycan sektorunda ilk dənizdibi seysmik stansiyaların quraşdırılması üçün fevralın sonu və ya martın əvvəlində ABŞ-ın "Kinemetrcs" şirkətinin mütəxəssisləri ölkəmizə səfər edəcəklər.
Xəzərdə seysmik stansiyaların quraşdırılması üçün amerikalı mütəxəssislər ölkəmizə səfər edəcəklər

Azərbaycan, Bakı, 19 yanvar / Trend müxbir İ.İsabalayeva/

Xəzər dənizinin Azərbaycan sektorunda ilk dənizdibi seysmik stansiyaların quraşdırılması üçün fevralın sonu və ya martın əvvəlində ABŞ-ın "Kinemetrcs" şirkətinin mütəxəssisləri ölkəmizə səfər edəcəklər. Bunu cümə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, səfər zamanı "Kinemetrcs" şirkətinin mütəxəssisləri Azərbaycanın yerli mütəxəssislərini işə cəlb etməklə dənizdibi stansiyaların quraşdırılması üçün bir sıra hazırlıq işləri görəcəklər.

Məsələ ilə bağlı yaxın günlərdə Dövlət Neft Şirkətinin rəsmiləri ilə görüşlər keçirəcəyini deyən Mərkəz direktoru bildirib ki, ilkin etapda 3 stansiya quraşdırılacaq. Stansiyalar ABŞ-ın "Kinemetrcs" şirkətindən alınacaq. Hazırda stansiyalar üçün cihazlar yığılır.

Artıq stansiyaların yerləşdiriləcəyi nöqtələr də müəyyənləşdirilib. Stansiyalar "Şahdəniz", "Ümid", "Azəri" yataqlarının ətrafında dəniz dibində quraşdırılacaq. İlk 3 stansiyanın quraşdırılması bu il ərzində yekunlaşacaq.

"Bu, çox çətin prosesdir. Ona görə də əvvəlcə 3 stansiya quraşdırmağı planlaşdırırıq. Gələcəkdə bu işi davam etdirəcəyik", - Yetirmişli deyib.

Xəzərin Azərbaycan sektorunda dənizdibi stansiyaların quraşdırılması məqsədilə ötən il Azərbaycan tərəfi ilə ABŞ-ın "Kinemetrics" şirkəti arasında müqavilə bağlanıb.

Xəbər lenti

Xəbər lenti