...

TQDK sədri: Yoluxucu xəstəlikləri olan şagirdlər buraxılış imtahanlarına buraxılmayacaq

Cəmiyyət Materials 14 May 2012 13:01 (UTC +04:00)
Yoluxucu xəstəlikləri olan şagirdlər orta məktəblərin buraxılış imtahanlarına buraxılmayacaqlar.
TQDK sədri: Yoluxucu xəstəlikləri olan şagirdlər buraxılış imtahanlarına buraxılmayacaq

Azərbaycan, Bakı, 14 may / Trend müxbir İ.İsabalayeva/

Yoluxucu xəstəlikləri olan şagirdlər orta məktəblərin buraxılış imtahanlarına buraxılmayacaqlar. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, mayın 13-də rus bölməsinin şagirdləri Azərbaycan dili fənnindən imtahan verərkən yoluxucu xəstəliyi olan abituriyentin imtahanda iştirak etməsi faktı ilə rastlaşıblar. Belə halların təkrarlanmamasını istəyən Abbaszadənin sözlərinə görə, şagird xəstə olduqda imtahana gəlməyə də bilər.

"Təbii ki, uşaqda sarılıq, suçiçəyi və digər yoluxucu xəstəlik olduqda biz uşağı imtahana buraxmayacağıq. Biz heç zaman imtahanda digər uşaqlar üçün təhlükə yarada bilmərik. Mənə elə gəlir ki, valideynlər üçün uşaqlarının imtahan nəticələrindən əvvəl onların sağlamlığı əsasdır. Uşaq xəstədirsə, özünü pis hiss edirsə, imtahana gəlməyə də bilər", - TQDK sədri əlavə edib.

O qeyd edib ki, hər hansı xəstəliklə əlaqədar imtahana gələ bilməyən uşaqların siyahısı bütün imtahanlar bitdikdən sonra formalaşacaq. Həmin şagirdlər üçün ayrı bir gündə imtahan keçiriləcək. Həmin gün imtahana ötən il buraxılış imtahanından kəsilənlər də qatılacaqlar. Bu imtahan gününün iyulun 10-dək elan ediləcəyi gözlənilir.

Abbaszadə deyib ki, rayon təhsil şöbələrindən keçən il imtahan verə bilməyən və builki imtahana qatılmaq istəyən şagirdlərin siyahısı hələ TQDK-ya dəqiq daxil olmayıb. TQDK sədri mayın 30-dək bu siyahıların dəqiqləşəcəyinə ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti