...

MTRŞ dövlət xətti ilə çəkilən kinofilmlərin telekanallarda yayımlanmamasından narahatdır

Cəmiyyət Materials 4 İyun 2012 15:38 (UTC +04:00)
Milli Televiziya və Radio Şurası (MTRŞ) dövlət xətti ilə çəkilən kinofilmlərin Azərbaycan telekanallarında yayımlanmamasından narahatdır.
MTRŞ dövlət xətti ilə çəkilən kinofilmlərin telekanallarda yayımlanmamasından narahatdır

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Mehdiyev/

Milli Televiziya və Radio Şurası (MTRŞ) dövlət xətti ilə çəkilən kinofilmlərin Azərbaycan telekanallarında yayımlanmamasından narahatdır.

"Hər il Azərbaycanın dövlət büdcəsindən yeni kinofilimlərin çəkilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə maliyyə vəsaiti ayrılır və bildiyimə görə, təqribən 10 il ərzində 50-yə yaxın film çəkilib. Ancaq bu 50-yə qədər film Azərbaycan ekranlarında görünmür", - bunu bazar ertəsi Trend-ə açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

Buna əsas səbəb kimi kinofilmlərin hər saatının televiziya kanallarına təqribən 70 manata başa gəldiyini deyən Məhərrəmli bu qiymətin təxminən 5-10 manat civarında olmasını daha məqsədəuyğun hesab edir.

"Bir film reklamla birlikdə təqribən 2 saat nəzərdə tutulursa, deməli, televiziya kanalı bunun üçün 140 manat ödəməlidir. Təbii ki, telekanallarda buna getmirlər, daha ucuz yollar axtarırlar, ucuz filmləri alıb göstərirlər", - MTRŞ sədri deyib.

Məsələyə münasibət bildirən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov isə Trend-ə deyib ki, bu filimlərin əksəriyyəti artıq yerli telekanallarda nümayiş etdirilib.

Qiymət məsələsinə gəlincə isə, Şeyxov bunun filmi çəkən studiyalar tərəfindən müəyyənləşdirildiyini deyib.

Şeyxov bildirib ki, kanallar həmin filmlərin nümayişinə görə filmi istehsal edən studiyalara müəyyən maliyyə vəsaiti ödəməlidirlər. Studiyalar da bu vəsaiti filmin rejissoru, operatoru, bəstəkarı və digər işçiləri arasında müəllif haqqı kimi paylaşdırır.

Xəbər lenti

Xəbər lenti