...

Bakıda “İslam Əməkdaşlıq Təşkilatı Modeli- 2012” təhsil proqramı layihəsinin bağlanış mərasimi keçirilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 5 İyun 2012 12:44 (UTC +04:00)
Bakıda “İslam Əməkdaşlıq Təşkilatı Modeli- 2012” təhsil proqramı layihəsinin bağlanış mərasimi keçirilib (ƏLAVƏ OLUNUB)
Bakıda “İslam Əməkdaşlıq Təşkilatı Modeli- 2012” təhsil proqramı layihəsinin bağlanış mərasimi keçirilib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub. İlk xəbər saat 11:54-də yayılıb

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir M.Əliyev/

Bu gün Azərbaycan dövləti dindən ayrıdır. Trend-in məlumatıma görə, bunu Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Bakıda keçirilən Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı (İƏT) Gənclər Forumu - "İslam Əməkdaşlıq Təşkilatı Modeli - 2012" təhsil proqramı layihəsinin bağlanış mərasimində çıxış edərkən bildirib.

"Ölkədə məscidlərin tikilməsi buna bariz nümunədir. Azərbaycan həmçinin dini tolerant ölkədir", - Aslanov qeyd edib.

PA rəsmisi bildirib ki, tarixən Azərbaycanı müstəmləkə etmək istəyən dövlətlər olub. Lakin Azərbaycan 1918, 1990-cı ildə də öz müstəqilliyini əldə edib.

"Azərbaycanın müstəqilliyi daimidir. Bu gün Azərbaycan islam dünyasının ayrılmaz hissəsidir, islam Azərbaycan əhalisinin böyük bir hissəsinin həyat tərzidir. Azərbaycan hər zaman İslam dəyərlərinə mühüm yer verib", - Aslanov əlavə edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda gələcəyə yeni təşəbbüskar və innovativ ideyalı gənclik var.

"Bu gün Azərbaycanın yerləşdiyi məkan çox önəmli və həssasdır. İlkin olaraq onu nəzərə almalıyıq ki, Azərbaycan bir çox ölkələrlə mehriban qonşuluq siyasətini davam etdirir, lakin buna baxmayaraq, bu gün Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Biz bu gün sona qədər Ermənistanla danışıqlar prosesini davam etdirməyə qərarlıyıq və sülh prosesini də davam etdirəcəyik, lakin biz sülh prosesinin bir nəticə vermədiyini görəndə vəzifəsindən asılı olmayaraq hər kəs ali baş komandanın əmri ilə cəbhə bölgəsinə gedəcəyik. Bu gün Azərbaycanın yerləşdiyi Xəzər hövzəsi də strategi mövqeyə malikdir. Bu gün Azərbaycan bölgənin dəyişən siması və aparıcı qüvvəsidir. Bu gün bölgənin iqtisadiyyatının 85 faizi, demoqrafik göstəricisinin 65 faizi Azərbaycana məxsusdur", - Aslanov əlavə edib.

Qafqaz Müsəlmanlar İdarəsinin sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunmasına da münasibət bildirib. O deyib ki, yeni sədr həm də İslamla bağlı olan bir şəxsdir.

"Bu, məni sevindirir. Bir vaxtlar şeyx olanda mənim də yaşım az idi. Məndən yaşımı soruşanda gizlədirdim. 30 yaşım olsa da, 35-40 deyirdim", - Paşazadə əlavə edib.

O deyib ki, bu gün dövlətlər arasında körpülər yarada biləcək gənclər yetişir.

"Mən sevinirəm ki, davamçılarımız var. Bu gün gələcəyə ümidlə baxıram", - Paşazadə əlavə edib.

Şeyxin sözlərinə görə, biz bu gün islamın əlindən çomağı, raketi almalıyıq, əvəzinə elm verməliyik.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu isə deyib ki, İƏT müstəqil müsəlman dövlətlərinin arasında rabitə, əlaqə yaradan bir təşkilatdır. Bu təşkilatın xeyli sayda alt qurumları, bankları, universitetləri və s. var.

"İƏT BMT-dən sonra ikinci təşkilatdır və bu fikri Pan Gi Mun da təsdiqləyir. Bizim hədəfimiz modernləşmə və inkişafdır. Bunu əldə etdikdə biz müsəlmanlar öz vətənimizdə daha yaxşı yaşayacağıq", - İhsanoğlu qeyd edib.

O, Azərbaycanın İƏT-də aktivliyi ilə seçilən dövlət olduğunu da xatırladıb.

Qeyd edək ki, bu gün Bakıda Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı (İƏT) Gənclər Forumu - "İslam Əməkdaşlıq Təşkilatı Modeli - 2012" təhsil proqramı layihəsinin bağlanış mərasimi keçirilib.

Layihə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Gənclər və İdman Nazirliyi, Gənc Sahibkarlar Şəbəkəsi və BDU-nun tərəfdaşlığı ilə icra olunub.

Xəbər lenti

Xəbər lenti