...

Əhliman Əmiraslanov: Biz Peyğəmbəri kənarda axtarırıq

Cəmiyyət Materials 26 İyul 2012 12:12 (UTC +04:00)
Başqa ölkələrdə əməliyyat olunmuş xəstələrdə əcnəbi mütəxəssislərin buraxdığı səhvləri tez-tez biz düzəldirik.
Əhliman Əmiraslanov: Biz Peyğəmbəri kənarda axtarırıq

Azərbaycan, Bakı, 26 iyul /Trend müxbir M.Əliyev/

Başqa ölkələrdə əməliyyat olunmuş xəstələrdə əcnəbi mütəxəssislərin buraxdığı səhvləri tez-tez biz düzəldirik. Trend-in məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

"Bu həkim sirri olduğu üçün açmaq istəmirik, amma xüsusilə qonşu ölkələrdə elə səhvlər edirlər ki, bu da insanın həyatı bahasına başa gəlir", - Əmiraslanov bildirib.

Akademik qeyd edib ki, son illər dünyada geniş yayılmış "xəstə turizmi" deyilən proses var, ona görə də, bir ölkədən digərinə müalicə üçün gedənlərin sayı çoxdur.

"Mən həmişə deyirəm ki, biz Peyğəmbəri kənarda axtarırıq. Əgər deyirlərsə ki, Azərbaycanda mütəxəssis yoxdur, tamamilə yanlış düşünürlər. Kiminsə imkanı böyükdür və müalicə üçün xaricə gedirsə, onun qarşısını ala bilmərik", - Əmiraslanov bildirib.

Onun sözlərinə görə, elə bir xəstəlik yoxdur ki, onu Azərbaycanda müalicə etmək üçün ya maddi-texniki baza, ya da kadr potensialı olmasın.

"Bəli, vaxtilə, 1990-cı illərdə ölkəmizdə müəyyən cərrahiyyə əməliyyatlarını aparmaq imkanı yox idi, amma bu gün belə məsələlərdə heç bir problem yoxdur. Məsələn, ölkəmizdə açıq ürək əməliyyatından tutmuş orqan köçürməyə qədər əməliyyatlar aparılır. Bütün bunlar üçün yüksəksəviyyəli mütəxəssislərimiz var. Sadəcə, bu məsələ ilə əlaqədar cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır", - akademik deyib.

Əmiraslanov bildirib ki, müəyyən qruplar var ki, müalicə olunmaq istəyən insanları xarici ölkələrə cəlb etmək üçün təbliğat aparırlar: "Bu prosesdə böyük vəsait olduğuna görə belə təbliğat işləri də aparılır və bu xəstələrlə xaricə böyük valyuta gedir".

Xəbər lenti

Xəbər lenti