...

Azərbaycanda adam oğurluğunda günahlandırılan Çin vətəndaşının cəzası ağırlaşdırılıb

Cəmiyyət Materials 29 Oktyabr 2012 15:28 (UTC +04:00)
Azərbaycanda adam oğurluğunda təqsirləndirilən Çin vətəndaşı barəsində olan hökmdən Baş Prokurorluğun verdiyi apellyasiya protesti təmin olunub.
Azərbaycanda adam oğurluğunda günahlandırılan Çin vətəndaşının cəzası ağırlaşdırılıb

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda adam oğurluğunda təqsirləndirilən Çin vətəndaşı barəsində olan hökmdən Baş Prokurorluğun verdiyi apellyasiya protesti təmin olunub.

Bakı Apellyasiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə Çin vətəndaşı Hu Ye barəsindəki məhkəmə hökmü dəyişdirilib.

Məhkəmə Hu Yenin rejimi dəyişdirilərək ümumi rejimli cəzaçəkmə müəssisəsindən ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülməsinə qərar verib.

Xatırladaq ki, Hu Yenin də daxil olduğu dəstənin üzvləri 2009-cu il noyabrın 13-də Çin Xalq Respublikasının vətəndaşı Liu Genyongu və onun qardaşı Liu Xiaoleini Masallı rayonu ərazisindən oğurlayaraq Bakı şəhərinə gətiriblər. Bakıda 2 gün saxladıqdan sonra Liu Genyongun həyat yoldaşı Huonq Suzhendən 22 min ABŞ dolları alaraq onları azad ediblər.

Bundan başqa, Zhanq Venlin 2010-cu il yanvarın 5-də axşam həyat yoldaşı ilə birlikdə Nizami rayonu 8-ci km qəsəbəsində yaşayan həmyerlisi Li Vinin evinə qonaq gedib. Təxminən saat 02:00 radələrində o, həyətə çıxıb və geri qayıtmayıb. Ertəsi gün saat 09:30 radələrində Zhanq Venlinə məxsus mobil telefondan həyat yoldaşına zəng gəlib və naməlum şəxslər onun Çin vətəndaşları tərəfindən oğurlandığını deyərək, azadlığa buraxılması müqabilində 300 min ABŞ dolları tələb ediblər.

Bununla bağlı polisə xəbər veriləcəyi və pulun ödənilməyəcəyi təqdirdə isə Zhanq Venlini öldürəcəklərini bildiriblər. Yanvarın 7-də naməlum şəxslər tərəfindən təkrar zəng gəlib və Zhanq Venlinin kəsilmiş barmağının yaşadığı evin həyətinə atıldığı deyilib. Sonradan zərərçəkənin kəsilmiş şəhadət barmağı yaşadığı evin həyətindən aşkar edilərək götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ci Fonq Pinq, Hu Ye və Vanq Li Yonqun, Vanq Konq Yonq, Yu Çanq Bin, Jhen Go Van və Jhen Si Hunun hər biri 13 il, Yu Huenin isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti