Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir V.İmanov/
Bakıda Dünya Türk Gəncləri Birliyinin ofisinin və paytaxtda ilk Gənclər Evinin açılışı olub.
Trend-in məlumatına görə, Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi göstərdiyi layihə "Dünya Türk Gəncləri Birliyi" İctimai Birliyi, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası və "Azərbaycan İnkişafı Mərkəzi" İctimai Birliyi tərəfindən həyata keçirilir.
"Azərbaycanda 11 Gənclər Evi fəaliyyət göstərir, daha 10 evin tikintisi davam etdirilir. Bu mərkəzlərdə gənclərin sərəncamında konfrans zalları, kitabxanalar, internet-otaqlar, müxtəlif treninq, görüş və konfransların keçirilməsi və istirahət üçün yerlər var", - gənclər və idman naziri Azad Rəhimov açılış mərasimində deyib.
Bakıda Gənclər Evi layihəsi çərçivəsində 15-35 yaşlı gənclər üçün peşəkar inkişaf və sosial proqramın reallaşdırılması məqsədilə müxtəlif tədbirlər keçiriləcək. Gənclər üçün birinci mərhələdə altı istiqamət (marketinq, maliyyələşdirmə, liderlik, media, ingilis dili və kompüter) üzrə pulsuz kurslar təşkil edilib.
Ümumilikdə, Gənclər evlərinin yaradılmasında məqsəd gənclərə məlumat, məsləhət, təlim, peşə seçimi və digər istiqamətlərdə göstərilən xidmətlərin genişləndirilməsi, onların asudə vaxtlarının təşkili və ahəngdar inkişafına şərait yaratmaqdır.
Qeyd edək ki, Dünya Türk Gəncləri Birliyi 1992-ci ildə Tatarıstanın paytaxtı Kazanda yaradılıb. Birliyə 18 ölkədən 36 türkdilli xalqın nümayəndələri və 40 təşkilat daxildir.