...

Azərbaycanda avtomobillərin texniki baxışının ləğvi ilə bağlı yeni təklif

Cəmiyyət Materials 30 Noyabr 2012 11:57 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı avtomobillərin məcburi şəkildə texniki baxışdan keçirilməsinin ləğvinin tərəfdarıdır.
Azərbaycanda avtomobillərin texniki baxışının ləğvi ilə bağlı yeni təklif

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Parlamentinin deputatı avtomobillərin məcburi şəkildə texniki baxışdan keçirilməsinin ləğvinin tərəfdarıdır.

Millət vəkili Çingiz Qənizadə Trend-ə texniki baxışın lazımsız bir prosedur olduğunu deyib və qonşu ölkələrin təcrübəsindən yararlanaraq onun ləğvini lazım saydığını bildirib.

Onun sözlərinə görə, bu gün magistral yollarda texniki baxışdan keçmiş nasaz, işıqları yanmayan, bərbad vəziyyətdə olan şəxsi avtomobillər və ictimai nəqliyyat var.

Millət vəkili hesab edir ki, yol polisi əməkdaşları avtomobillərin texniki cəhətdən sazlığına nəzərət etməlidir. Belə ki, hansı avtomobildə nasazlıq varsa, həmin avtomobilin sahibinə xəbərdarlıq edilməlidir.

"Təklif edirəm ki, avtomobilləri texniki baxışdan keçirmək əvəzinə texniki qüsurlara görə sürücülər və avtomobil sahibləri inzibati qaydada xəbərdar olunduqdan sonra inzibati qaydada cəzalandırılsınlar. Vətəndaş bilməlidir ki, idarə etdiyi avtomobilin arxa işığı yanmadan yola çıxarsa, cərimələnəcək", - Qənizadə deyib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə Trend-ə açıqlamasında bildirib ki, texniki baxışın ləğv olunması ilə razı deyil.

Onun sözlərinə görə, arxa işıqları yanmayan avtomobili yolda müəyyən etmək asan olsa da, mexaniki hissəsi nasaz olan avtomobili müəyyənləşdirmək çətindir.

İdarə sözçüsü deyib ki, il ərzində ölkədə avtomobilin texniki nasazlığı səbəbindən 5-6 nəfər dünyasını dəyişir.

Şöbə müdiri hesab edir ki, sürücülər məsuliyyətsiz olduqları üçün avtomobilin texniki baxışdan keçirilməsinin sürücünün ixtiyarına buraxılması düzgün olmaz.

"Sürücülər texniki baxış məsələsinə düşünülmüş şəkildə yanaşacaqlarmı? Əgər sürücü 1 ay əvvəl sürücülük hüququ olmadan sərxoş vəziyyətdə tutulub inzibati məsuliyyətə cəlb olunursa, 1 ay sonra eyni hərəkəti təkrar edir, 3 nəfərin ölümünə səbəb olur. Belə insanın öhdəsinə avtomobilin texniki baxışdan keçirilməsini buraxmaq olarmı?", - Əliyev deyib.

Qeyd edək ki, bəzi ölkələrdə avtomobillərin texniki baxışdan məcburi keçirilməsi ləğv olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti