...

Konstitusiya Məhkəməsi ötən il 23 qərar və 11 qərardad qəbul edib

Cəmiyyət Materials 30 Yanvar 2013 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İzzət/

Yanvarın 30-da Azərbaycan Konstitusiya Məhkəməsində Fərhad Abdullayevin sədrliyi ilə 2012-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

Məhkəmədən Trend-ə verilən məlumata görə, iclasda Aparatın müvafiq şöbə və sektor müdirlərinin hesabatları, Aparat rəhbərliyinin çıxışları dinlənilib. Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və şikayətlərdə toxunulan hüquqi aspektlər, qəbul edilən qərarların icrası, arayışlar, rəylər və digər mühüm məsələlərlə bağlı məruzələr dinlənilib, işin səmərəsini yüksəltməyə dair təkliflər irəli sürülüb.

Məlumat verilib ki, 2012-ci ildə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 23 qərar və 11 qərardad qəbul edilib. Qərarlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Respublika Prokurorluğunun, İnsan Hüquqları uzrə Müvəkkilin (Ombudsmanın) sorğuları, məhkəmələrin müraciətləri və vətəndaşların şikayətləri əsasında qəbul olunub.

Qeyd edilib ki, 2012-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə 1605 müxtəlif xarakterli şikayət ərizəsi daxil olub. Bunların 582-ni məhkəmə aktlarından verilən şikayətlər təşkil edib. Şikayətlərin 395-i Konstitusiya Məhkəməsi palatalarının müzakirəsinə verilib, həmin şikayətlərin 347-nin icraata qəbulundan imtina edilib. Şikayətlərdən 14-ü mahiyyəti üzrə baxılması üçün Konstitusiya Məhkəməsinin Plenumunun icraatına qəbul olunub, hazırda 34 şikayət Konstitusiya Məhkəməsinin hakimləri tərəfindən öyrənilməkdədir.

Bununla yanaşı, məhkəmə aktlarından verilən şikayətlərlə bağlı 187 ərizəçiyə "Konstitusiya Məhkəməsi haqqında" qanunun 34.1-ci, 34.6-cı, 34.7-ci və 35-ci maddələrinin tələblərinə uyğun olaraq ərizələrin qanuna müvafiq şəkildə tərtib edilməsi barədə Konstitusiya Məhkəməsi Aparatı tərəfindən məlumatlar verilib və təkrar müraciət edilməsi hüququ izah olunub.

Daxil olan 479 şikayət Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə müvafiq tapşırıqlarla aidiyyəti üzrə dövlət orqanlarına göndərilib. Şikayətlərdən 544-ü üzrə isə vətəndaşlara izah məktubları çatdırılmışdır.
Konstitusiya Məhkəməsinin sədri 2012-ci ildə görülmüş işləri müsbət qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəsini artırmaq üçün Aparatın struktur rəhbərlərinə tapşırıq və tövsiyələrini verib, 2013-cü ildə görüləcək işlərdən danışıb, hakimlərin icraatında olan işlərlə bağlı daha dolğun, keyfiyyətli və müasir hüquqi təcrübəyə əsaslanan rəy və arayışların hazırlanmasının vacibliyini vurğulayıb.

Fərhad Abdullayev bildirib ki, Azərbaycanın məhkəmə və digər hüquq mühafizə orqanlarının inkişafı, müasirləşdirilməsi, qanunun aliliyinin, insan hüquqlarının etibarlı təminatına xidmət edən mütərəqqi islahatlar aparılaraq ölkəmizin qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər görülüb.

Konstitusiya Məhkəməsinin sədri iclasa yekun vuraraq əmin olduğunu bildirib ki, ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün cəmiyyətin inkişafını əhatə edən hüquqi islahatlar məhkəmə sisteminin təmilləşdirilməsinə və müasirləşdirilmasinə töhfəsini verir. Bu isə öz növbəsində vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli həyata keçirilməsi üçün şərait yaradır.

Bu il fəaliyyətinin başlanmasının 15 illiyini qeyd edəcək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Konstitusiyanın aliliyinin qorunması üçün qarşısında duran vəzifələri layiqincə yerinə yetirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti