...

Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ilkin vaxtı açıqlandı (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 15 Fevral 2013 11:51 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul imtahanlarının ilkin vaxtını açıqlayıb.
Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ilkin vaxtı açıqlandı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul imtahanlarının ilkin vaxtını açıqlayıb. Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə günü kecirdiyi mətbuat konfransında deyib ki, ilk imtahanın III ixtisas qrupu üzrə keçirilməsi nəzərdə tutulur. Bu qrup üzrə imtahan iyulun 14-də, I ixtisas qrupu üzrə iyulun 21-də, IV ixtisas qrupu üzrə iyulun 28-də, II ixtisas qrupu üzrə avqustun 3-də keçiriləcək.

Abbaszadə deyib ki, bu tarixlər layihə şəklində müəyyənləşdirilib və imtahanın təşkilində iştirak edən müvafiq orqanlarla birgə dəqiqləşdirilib.

"Bu layihədə hansısa dəyişiklik ola bilər. Bu dəyişiklik hava şəraiti və digər şəraitlərlə əlaqədar ola bilər. Ötən il qəbul imtahanlarını elan etmişdik, ancaq buraxılış imtahanları TQDK tərəfindən keçirildiyi üçün qəbul imtahanlarının vaxtı dəyişdirildi", - Abbaszadə əlavə edib.

Abbaszadə deyib ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə sınaq imtahanları aprelin 7-dən mayın 26-dək keçiriləcək. Bu müddətdə ümumilikdə 7 sınaq imtahanı keçiriləcək, onların 3-ü təkrar olacaq.

TQDK sədri deyib ki, ali təhsil müəssisələrinə ərizə qəbulu aprelin 9-dan başlayacaq və mayın 15-dək davam edəcək. Baalavrlar ərizələrini aprelin 15-dən mayın 17-dək təsdiq etdirə bilərlər. Ali və orta ixtisas təhsili müəssisələrinə (tam orta təhsil bazasında) qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı 1-20 mayda aparılacaq. Rus bölməsi üzrə Azərbaycan dili imtahanının I mərhələsi mayın 19-da Bakıda və bölgə mərkəzlərində keçiriləcək. Mayın 8-i rus bölməsi üzrə Azəbaycan dili imtahanının I mərhələsində iştirak etmək istəyən abituriyentlər üçün ərizə təsdiqinin son günü olacaq.

Rus bölməsi üzrə Azərbaycan dili imtahanının II mərhələsi iyunun 23-də olacaq və yalnız Bakıda keçiriləcək.

Hərbi liseylərə ərizə qəbulu 15 aprel-25 iyun tarixlərində aparılacaq. Magistraturaya sınaq imtahanı 17 fevral, magistraturanın I mərhələsi üzrə qəbul imtahanı 3 mart, II mərhələsi üzrə qəbul imtahanı 23 iyunda olacaq. Magistraturaya proqram seçimi 3-11 iyun, magistraturaya ixtisaslaşma seçimi 26-28 iyun tarixlərində, ali məktəblərin müxtəlif istiqamətləri üzrə qabiliyyət imtahanları isə iyulun 18-dən avqustun 12-dək olacaq.

TQDK sədri bildirib ki, ali təhsil müəssisələrinə ixtisas seçimi 6-15 avqustda, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əlavə yerləşdirmə və orta ixtisas təhsili müəssisələrinə (tam orta təhsil bazasında) müsabiqə və yerləşdirilmə 18-22 avqustda keçiriləcək.

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ərizə qəbulu 17 iyul-15 avqustda, orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət imtahanı 5-13 avqustda, orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı isə 25 avqustda keçiriləcək. Orta ixtisas müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi 9-12 sentyabrda baş tutacaq.

Rezidenturaya sınaq imtahanı 17-18 avqustda, sənəd qəbulu 14-23 avqust, qəbul imtahanı 9-10 sentyabrda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti