Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin Sivas əyalətinin Gürun şəhərində yerləşən yarımdağılmış erməni kilsəsi bərpa edilərək muzeyə çevriləcək. Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, bu barədə cümə axşamı Gürun şəhərinin meri Mehmet Aktaş deyib.
Gürun şəhərində yerləşən Müqəddəs Məryəm kilsəsi bərpa ediləndən sonra muzey olacaq.
Aktaş bildirib ki, meriya tarixi abidələrin bərpa olunması və onların turizm məqsədilə istifadəsinə böyük diqqət ayırır.
Merin sözlərinə görə, kilsənin bərpası layihəsi Sivasın Mədəni İrsin Mühafizəsi Şurası tərəfindən təsdiq olunub və yaxın vaxtlarda bərpa ilə bağlı tender elan olunacaq.
O, qeyd edib ki, Gürun meriyası və Sivas administrasiyasının əməkdaşlığı ilə kilsənin bərpa olunmasından sonra erməni kilsəsi müxtəlif mədəni tədbirlərin də keçiriləcəyi muzeyə çevriləcək.