Azərbaycan, Bakı, 3 may / Trend müxbir M.Əliyev/
Heydər Əliyev Fondunu təmsil edən rəsmi nümayəndə heyəti Kolumbiyada işgüzar səfərdə olub.
Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın Kolumbiyadakı səfirliyindən bildiriblər.
Səfər çərçivəsində Heydər Əliyev Fondunun nümayəndə heyəti Kolumbiyanın Uşaqlara qarşı Zorakılıqların Qarşısının Alınması üzrə Şəbəkə Fondunun prezidenti, Kolumbiya Senatının üzvü Alexandra Moreno Pirakive ilə görüşüb. Tərəflər hər iki fond arasında gələcək əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər. Azərbaycanın nümayəndə heyəti Kolumbiya tərəfinə Heydər Əliyev Fondunun məqsəd və fəaliyyəti haqqında məlumat verib, Fond tərəfindən həyata keçirilən xeyriyyə tədbirlərdən bəhs olunub.
Görüş zamanı Heydər Əliyev Fondunun nümayəndə heyəti Kolumbiya Senatında 2012-ci ilin mart ayında qəbul eilmiş Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edilməsi ilə əlaqədar onun müəllifi senator Alexandra Moreno Pirakiveyə və Kolumbiya Senatının üzvlərinə Fondun adından minnətdarlıq bildirib.
Görüşün sonunda Heydər Əliyev Fondu və Kolumbiyanın Uşaqlara qarşı Zorakılıqların Qarşısının Alınması üzrə Şəbəkə Fondu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Azərbaycanın nümayəndə heyəti daha sonra fondda olub. Həmçinin nümayəndə heyətinə uşaqların hüquqlarının müdafiə olunması istiqamətində həyata keçirilən fəaliyyət haqqında müvafiq təqdimat nümayiş etdirilib.
Səfər çərçivəsində Heydər Əliyev Fondunun nümayəndə heyəti Kolumbiyanın xarici işlər nazirinin müavini xanım Patti Londonyo ilə görüşüb. Görüş zamanı Kolumbiya XİN rəsmisinə Heydər Əliyev Fondunun fəaliyyəti haqqında məlumat verilmiş, həmçinin bir sıra sosial layihələrin birgə həyata keçirilməsinə dair nəzərdə tutulan məsələlər ətrafında müzakirə aparılmışdır.
Daha sonra Heydər Əliyev Fondunun nümayəndə heyəti Boqota şəhərinin aztəminatlı rayonunda yerləşən məktəbin fəaliyyəti və uşaqların təhsil prosesi ilə yaxından tanış olmuş, habelə Heydər Əliyev Fondu adından müvafiq yardım və ianələr edilmişdir.
Keçirilmiş görüşlərdə Azərbaycan nümayəndə heyətini ölkəmizin Meksika və eyni zamanda Kolumbiyadakı səfiri İlqar Muxtarov müşayiət edib.