...

UAK sədri: Ukraynada Azərbaycan diasporunun fəallaşması erməniləri narahat edir

Cəmiyyət Materials 13 May 2013 14:41 (UTC +04:00)
Ermənilərin Ukraynada azərbaycanlılara, Azərbaycan diasporuna qarşı təzyiqləri çox güclüdür. Son zamanlar Ukraynadakı Azərbaycan diasporu - Ukrayna Azərbaycanlıları Konqresi (UAK) və digər Azərbaycan təşkilatları fəallaşıblar. Bu da erməniləri narahat edir.
UAK sədri: Ukraynada Azərbaycan diasporunun fəallaşması erməniləri narahat edir

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İzzət/

Son zamanlar Ukraynadakı Azərbaycan diasporu - Ukrayna Azərbaycanlıları Konqresi (UAK) və digər Azərbaycan təşkilatları fəallaşıblar. Bu da erməniləri narahat edir. Bu barədə Trend-ə açıqlamasında Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Rövşən Tağıyev ermənilərin Kiyev şəhərində əslən azərbaycanlı olan Ukrayna vətəndaşı, iş adamı Elşad Əzimova hücum edərək ona xəsarət yetirmələri ilə bağlı hadisəni şərh edərkən bildirib.

UAK sədrinin sözlərinə görə, bu narahatlıq özünü müxtəlif formalarda göstərir:

"Məsələn, biz Xocalı faciəsi ilə bağlı regionlarda tədbirlər keçirirdik. Dneprepetrovskda tədbirin alınmaması üçün müəyyən təzyiq göstərmək istəyirdilər. Onlar rəsmi, inzibati orqanlara yanlış informasiyalar verərək Azərbaycan diasporunun işinə mane olmağa çalışırdılar. Lakin biz bunun qaşısını aldıq."

Kiyevdə azərbaycanlı iş adamının ermənilər tərəfindən vəhşicəsinə döyülməsinə gəlincə, Tağıyev bildirib ki, UAK artıq bununla bağlı Ukrayna rəhbərliyinə - Ukrayna Prezident Administrasiyasına, Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə məktub ünvanlayıb. Məktubda hüquq-mühafizə orqanlarından baş verən hadisəyə çox ciddi yanaşılması, onun qısa bir zamanda obyektiv surətdə araşdırılması, onun etnik zəmində baş verdiyinin bildirilməsi və cinayətkarların məsuliyyətə cəlb olunması tələb olunur.

UAK sədri bildirib ki, müraciət Ukraynanın bütün vilayətlərində yaşayan azərbaycanlıların adından rəsmi olaraq ünvanlanıb və qeyd olunub ki, bu fakt azərbaycanlılarda ciddi narahatlıq yaradıb:

"Biz burada hər bir azərbaycanlının problemi olarkən ona reaksiya verməliyik. Bu məsələ ilə də çox ciddi məşğul olmalıyıq. Çünki söhbət erməni-azərbaycanlı məsələsindən gedir. Azad Əzimovun sözlərinə görə, ermənilər onu vuranda Azərbaycan milliyyətindən olduğuna görə təhqir ediblər. Əgər həqiqətən belə olduğu aydınlaşarsa, onda bu, ksenofobiyadır. O zaman biz ictimaiyyəti bu məsəyə daha geniş formada cəlb edəcəyik".

Azərbaycanlı iş adamı Azad Əzimovun ermənilər tərəfindən vəhşicəsinə döyülməsinə gəlincə, Konqres sədri bu məsələyə hələlik hansısa qiymət verməkdə tələsməyi məqsədəuyğun hesab etməyib. 27 ildir Ukraynada yaşayan Tağıyevin fikrincə, belə hadisələr tez-tez deyil, nadir hallarda baş verir və lokal xarakterli olur:

"Biz hələ ki, gözləməliyik. Dövlət orqanlarına ünvanladığımız müraciətdə onlardan bu məsələyə ciddi yanaşmalarını xahiş etmişik. Nəticəni bu yaxınlarda biləcəyik. İstintaq bitməyincə və məsələ tam aydınlaşmayınca, söz söyləmək düşgün olmaz. Hələlik hesab edirik ki, bunu şişirtmək düzgün deyil. Çünki biz bu təxribatların arxasında nə dayandığını bilmirik".

Hadisə barədə Azərbaycan və Ermənistanın Ukraynadakı səfirlikləri də məlumatlandırılıb.

Qeyd edək ki, mayın 11-i yerli vaxtla axşam saat 19:00 radələrində azərbaycanlı iş adamı Elşən Azad oğlu Əzimov Kiyev şəhərinin Brovarskoe şossesi 61 ünvanında özlərini Ukraynada Dağlıq Qarabağ erməniləri kimi təqdim edən Mısak və Samvel Xıdıryan qardaşlarının, onların tanışı Armen Petrosyanın hücumuna məruz qalaraq vəhşicəsinə döyülüb və ölümcül yaralanıb. Lakin hadisə yerində adıçəkilən ermənilərdən başqa da maskalı adamlar olub. Əzimovun sözlərinə görə, ermənilər ona balta və çəkic kimi alətlərlə hücum edərək xəsarət yetiriblər. Lakin yaxınlıqdakı şəxslərin yardımı nəticəsində xəstəxanaya yerləşdirilən iş adamının həyatını xilas etmək mümkün olub. Həkimlər xəstənin vəziyyəti ilə bağlı son qərarı bu gün açıqlayacaqlar.

Əzimov bildirib ki, adı çəkilən ermənilər etnik zəmində bir neçə dəfə onunla mübahisə edib, onu təhqir edib və öldürməyə cəhd ediblər. Zərərçəkənin sözlərinə görə, onun həmin ermənilərlə əvvəllər heç bir işbirliyi, hansısa məsələdə əməkdaşlığı olmayıb.

Qeyd edək ki, Əzimov Elşad Azad oğlu 1973-cü ildə Azərbaycan Respublikasının Masallı rayonu, Bədəlan kəndində anadan olub. Hazırda Ukrayna Respublikasının vətəndaşıdır, orada ticarətlə məşğul olur. İki övlad atasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti