...

"28 May" stansiyasının əsas çıxışı bağlanacaq

Cəmiyyət Materials 10 İyun 2013 17:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, "28 May" stansiyasında aparılan yenidənqurma işlərinin növbəti mərhələsi çərçivəsində, əvvəlcədən tərtib olunmuş plana əsasən, stansiyanın Cəfər Cabbarlı meydanı istiqamətində əsas çıxışı müvəqqəti bağlanacaq.
"28 May" stansiyasının əsas çıxışı bağlanacaq

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, "28 May" stansiyasında aparılan yenidənqurma işlərinin növbəti mərhələsi çərçivəsində, əvvəlcədən tərtib olunmuş plana əsasən, stansiyanın Cəfər Cabbarlı meydanı istiqamətində əsas çıxışı müvəqqəti bağlanacaq.

Metropolitenin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, burada yeni giriş-çıxış konstruksiyası inşa olunacağından stansiyanın bu hissəsində də söküntü işlərinin genişləndirilməsi vaxtı yetişib. Bu günə qədər metropoliten rəhbərliyi sərnişinlərin bu çıxışdan istifadə etməsi üçün müxtəlif tədbirlər görüb. Lakin söküntünün və inşaatın bundan sonrakı mərhələsində, sərnişinlərin tam təhlükəsizliyi nəzərə alınaraq, əsas çıxışın bağlanması zərurəti yaranıb. Bununla yanaşı, 1967-ci ildə istifadəyə verilmiş stansiyanın istismar müddətini başa vurmuş və yararsız hala gəlmiş avadanlıqları da dəyişdiriləcək.

Bakı Metropoliteni rəhbərliyinin çıxışın bağlanmasını məhz yay tətilləri dövrünə salması bu aylarda sərnişin axınının nisbətən azalması ilə izah olunur.

Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il sərəncamından irəli gələn tələblərin yerinə yetirilməsi və yenidənqurma işlərinin sürətləndirilməsi məqsədilə stansiyanın əsas çıxışı iyulun 1-dən müvəqqəti olaraq bağlanacaq.

Bu müddət ərzində sərnişinlər stansiyanın Salatın Əsgərova küçəsi istiqamətində yerləşən giriş-çıxışından, həmçinin "Cəfər Cabbarlı" stansiyasından istifadə edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti