...

Ulu öndər Heydər Əliyevin xatirəsi Azərbaycanın Almaniyadakı səfirliyində də anılıb (FOTO)

Cəmiyyət Materials 13 Dekabr 2013 09:48 (UTC +04:00)
12 dekabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyində Avropa Azərbaycanlıları Konqresi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi ilə birlikdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Xalqın taleyinə bağlı ömür” adlı tədbir keçirilmişdir.
Ulu öndər Heydər Əliyevin xatirəsi Azərbaycanın Almaniyadakı səfirliyində də anılıb (FOTO)

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

12 dekabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyində Avropa Azərbaycanlıları Konqresi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi ilə birlikdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Xalqın taleyinə bağlı ömür" adlı tədbir keçirilmişdir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Almaniyanın elmi və siyasi ictimaiyyətinin, azərbaycanlı və türk diasporlarının nümayəndələri və Almaniyada təhsil alan azərbaycanlı tələbələrdən ibarət 100-ə yaxın iştirakçının qatıldığı anma mərasimində ümummilli liderin həyatını və siyasi fəaliyyətini əks etdirən fotosərgi və onun haqqında dərc edilmiş kitablar nümayiş edilmişdir.

Səfir Pərviz Şahbazov qonaqları salamladıqdan sonra ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Səfir çıxışında Heydər Əliyevin bütün həyatının Azərbaycanın inkişafına həsr olunduğunu, onun çoxşaxəli irsinin əhəmiyyətini qonaqların diqqətinə çatdırmışdır.

P.Şahbazov bildirmişdir ki, ulu öndərin hələ Sovetlər dönəmində Azərbaycanın milli kimlik və tarixi yaddaşının qorunub saxlanılması istiqamətində atdığı cəsarətli addımların xalqımızın milli mənsubiyyətinin möhkəmlənməsində oynadığı rol əvəzsizdir. Səfir Ermənistanın hərbi təcavüzünün baş verdiyi bir şəraitdə, siyasi hərc-mərclik içində olan və vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya duran Azərbaycanın yenidən dirçəlməsində və inkişaf yoluna qədəm qoymasında Heydər Əliyevin müstəsna xidmətlərini vurğulamışdır.

Səfir qeyd etmişdir ki, 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan iqtisadiyyatının inkişafında dönüşün əsası qoyulmuşdur. Ulu öndərin həyata keçirdiyi qlobal əhəmiyyətli enreji layihələri hal-hazırda da Azərbaycanın və bütövlükdə regionun dünya iqtisadi birliyinə inteqrasiyasında böyük rol oynayır. Yalnız Ermənistan bu regionda özünü işğalçı siyasətinə görə təcrid vəziyyətinə salmışdır. 20 ildən artıq Azərbaycan torpaqlarının işğalını davam etdirən və bir milyondan artıq azərbaycanlının doğma yurd-yuvasına qayıtmasına imkan verməyən Ermənistan regionun inkişafına mane olur, sülh və sabitlik üçün böyük təhlükə yaradır.

Səfir P.Şahbazov vurğulamışdır ki, Heydər Əliyevin uzaqgörən xarici siyasət kursu Azərbaycan dövləti tərəfindən bugün də uğurla davam etdirilir və Azərbaycan hal-hazırda regionun lider dövlətidir.

Daha sonra "Azərbaycan deyəndə..." sənədli filmi nümayişi etdirilmiş və qonaqlar ehsan süfrəsinə dəvət olunmuşlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti