...

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Dövlət Gömrük Komitəsinin qurumlarında anım mərasimləri keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2014 17:32 (UTC +04:00)
Fevralın 26-da Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlarda da anım mərasimləri keçirilmişdir.
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Dövlət Gömrük Komitəsinin qurumlarında anım mərasimləri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Fevralın 26-da Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlarda da anım mərasimləri keçirilmişdir.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, "Azərterminalkompleks" Birliyi və Bakı Baş Gömrük İdarəsində keçirilən mərasimlərin iştirakçıları öncə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Həmin tədbirlərdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, "Azərterminalkompleks" Birliyinin direktoru Qambay Əliyev və Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov giriş sözü ilə çıxış etmişlər.

Bildirilmişdir ki, erməni cəlladları tərəfindən xalqımıza qarşı törədilmiş Xocalı soyqırımı aktının ildönümü hər il Azərbaycanın hər yerində, eləcə də bir sıra dünya ölkələrində dərin kədər və hüznlə qeyd olunur, faciənin əsl günahkarları lənətlənir. Azərbaycan xalqı Xocalı faciəsini heç zaman unutmayacaq və doğma Qarabağımızı azad etməklə bütün şəhidlərimizin qisasını alacaqdır.

Xocalı soyqırımı ilə əlaqədar geniş məruzə ilə isə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, professor Tofiq Mustafazadə çıxış etmişdir.

Professor bildirmişdir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dünyanın yeni münaqişələr tarixinə beynəlxalq hüquq normalarının ən çox və kobudcasına pozulduğu faktlardan biri kimi yazılmışdır. Ermənilər son iki əsrdə Azərbaycana qarşı açıq ərazi iddiaları ilə çıxış edərək bu məkrli niyyətlərini gerçəkləşdirmək üçün terror, soyqırımı və deportasiya siyasəti yürütmüşlər. 22 il əvvəl xalqımız 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımına məruz qalmış, həmin müdhiş gün yüzlərlə soydaşımız qəddarlıqla qətlə yetirilmiş, şikəst edilmiş, işgəncələrə məruz qalmışdır. Lakin xalqımız öz azadlığı uğrunda mübarizədən geri çəkilməmiş, əksinə, əsrlərlə arzusunda olduğu müstəqillik yolunda mücadilədə daha əzmkar olmuşdur.

Mərasimlərdə vurğulanmışdır ki, dövlətimiz Xocalı faciəsi haqqında əsl həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyətin ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlandığı qeyd edilmiş, məhz ulu öndərin təşəbbüsü ilə həmin bəşəri cinayətə siyasi-hüquqi qiymət verildiyi, fevralın 26-sının isə "Xocalı soyqırımı günü" elan edildiyi bildirilmişdir.

Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün dünyanın əksər ölkələri bu faciə ilə bağlı həqiqətlərlə tanış olur və ona öz qiymətini verirlər. Bu istiqamətdə Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsləri ilə son illərdə bir sıra ölkələrin paytaxtlarında Xocalı soyqırımının tanınması ilə bağlı kütləvi aksiyalar və tədbirlər keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti