Azərbaycan, Bakı, 14 mart /Trend müxbir İ.İsabalayeva/
Azərbaycandakı özəl klinikaların xarici həkimlərinin geniş reklam edilməsi çox vaxt xam adamlar üçün nəzərdə tutulan adi kələkdir. Trend-in məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev nazirliyin rəsmi mətbuat orqanı olan "Tibb" qəzetinə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, əsas məsələlərdən biri özəl klinikaların dəvət etdikləri həkimlərin səlahiyyətli və səriştəli olmasına həmişə zəmanət verib-verməməsidir: "Məsələ bundadır ki, özəl klinikalar dəvət etdikləri həkimlərin səlahiyyətli və səriştəli olmasına həmişə zəmanət verirmi? Yüksək ixtisaslı əcnəbi həkimin burada olması və konsultasiyaları xeyli mürəkkəb və baha başa gələn işdir. Kiçik özəl klinikaların belə böyük xərclərə gücü çatarmı?"
O.Şirəliyev deyib ki, özəl klinikalar belə mütəxəssisləri Səhiyyə Nazirliyindən xəbərsiz dəvət etməklə qanunu da pozurlar. Belə ki, xarici mütəxəssisi ölkəyə gətirməmişdən əvvəl onlar Səhiyyə Nazirliyinə müraciət etməli və məlumat verməlidirlər. Nazirlik də həmin həkimin nə dərəcədə səlahiyyətli olduğunu aydınlaşdırmalıdır: "Ancaq qaydalara zidd olaraq, gəlmə həkimlər özəl klinikalarda praktika ilə məşğul olurlar, əməliyyat edirlər və çıxıb gedirlər. Səhiyyə Nazirliyi isə bu barədə yalnız ya reklamdan, ya da bu şübhə doğuran "qastrolçu həkim" pasiyentin sağlamlığına zərər vuranda xəbər tutur. Bu sonuncu halda məlum olur ki, həkim artıq əlçatmazdır, klinika isə "çiyinlərini çəkir" ki, həkim bacardığını elədi".
Nazirin sözlərinə görə, artıq bir neçə ildir ki, Səhiyyə Nazirliyinin özəl tibb müəssisələrində yoxlamalar aparan xüsusi Komissiyası fəaliyyət göstərir. Yoxlamalar nəticəsində Komissiya müəyyən edib ki, əksər hallarda reklam olunan xarici həkimlərin professionallıqları, xidmətləri, təltifləri, adları ilə bağlı deyilənlərdən həqiqətə uyğun olanı ancaq onların xarici dövlətin vətəndaşı olmasıdır: "Qalan hər şey reklam oyunudur, reklam qurbanları da ona aldanırlar. Özü də çox vaxt bu kələkdən qanunsuz fəaliyyət göstərən özəl klinikalar istifadə edirlər".
O.Şirəliyev deyib ki, yalnız son üç ayda Səhiyyə Nazirliyi Vergilər Nazirliyi ilə birlikdə qanunsuz stomatoloji fəaliyyətlə məşğul olan 330 obyekt aşkar edib, onlara qarşı qanunvericiliyəmüvafiq tədbirlər görülüb.
Onun sözlərinə görə, Azərbaycanda qeyri-qanuni tibbi praktikaya, o cümlədən "qastrolçu həkimlərin" fəaliyyətinə görə məsuliyyət və müvafiq olaraq, cərimə sanksiyaları qanunvericiliklə kəskin artırılıb. Fiziki şəxslər üçün cərimələrin məbləği 2-3 min manat, hüquqi şəxslər üçün 20 min manatdan 30 min manatadək olub: "Əgər əvvəllər qaydaları pozanlar 300500 manatlıq cərimələrlə asanlıqla canlarını qurtarırdılarsa, bu gün bu addımı atmazdan əvvəl ciddi götür-qoy edəcəklər. Axı söhbət insanların sağlamlığından və həyatından gedir".