...

ƏƏSMN-də tibbi-sosial reabilitasiya mütəxəssisləri üçün uzunmüddətli tədris proqramı hazırlanır

Cəmiyyət Materials 26 Sentyabr 2014 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Sentyabrın 26-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində Avropa İttifaqının "Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsinin ekspertləri ilə birgə seminar keçirilib. Seminarda məqsəd tibbi-sosial reabilitasiya sahəsində çalışan mütəxəssislər üçün uzunmüddətli tədris proqramınin hazırlanması ilə bağlı məsələlərin müzakirəsi olub.

Trend xəbər verir ki, Mərkəzin direktoru Vüqar Həsənov ƏƏSMN tərəfindən tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi üzrə görülən işlər sırasında müvafiq mütəxəssis potensialının gücləndirilməsinin və bu sahədə peşəkarlıq səviyyəsinin yüksəldilməsinin mühüm yer tutduğunu vurğulayıb. Bildirilib ki, bu işlərdə, eləcə də tibbi-sosial reabilitasiya üzrə uzunmüddətli tədris proqramınin hazırlanmasında qeyd olunan Tvinninq layihəsi çərçivəsində qabaqcıl Avropa təcrübəsindən və avropalı mütəxəssislərin ekspert dəstəyindən istifadə olunur.

İşgüzar müzakirələr şəraitində keçən seminarda adıgedən uzunmüddətli tədris proqramına daxil ediləcək mövzular müəyyən olunub. Həmçinin tibbi-sosial reabilitasiya mütəxəssisləri üçün təşkil ediləcək ixtisasartırma kurslarını aparacaq təlimçilərin hazırlanması, bu məqsədlə tədris mərkəzinin əməkdaşları üçün treninqlərin təşkili məsələləri nəzərdən keçirilib. Seminar iştirakçıları tibbi-sosial reabilitasiya sahəsində qiymətləndirmə formasını da müzakirə ediblər.

Tədbirdə Tvinninq layihəsinin ekspertləri tərəfindən tibbi-sosial reabilitasiya sahəsinə dair beynəlxalq təcrübə barədə məlumatlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti