...

Daxili Qoşunların komandanı gənc əsgərlərlə görüşüb

Cəmiyyət Materials 3 Noyabr 2014 10:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq, oktyabrın 30-da Azərbaycan Respublikasının müvafiq yaş kateqoriyasına aid vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə qəbulu başa çatıb. Sərəncamdan irəli gələn tələblər Daxili İşlər Nazirinin və Daxili Qoşunlar Komandanlığının ciddi nəzarəti altında həyata keçirilib.

Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə bu gün verilən məlumata görə, Daxili Qoşunlar Komandanının müvafiq tapşırığına əsasən, gənc əsgərlərin qəbulu, yerləşdirilməsi və təlim-tədrisinin təşkili prosesində iştirak edən və bu sahəyə cavabdeh vəzifəli şəxslər tərəfindən müvafiq tədbirlərin yerinə yetirilməsi təmin olunub.

Noyabrın 2-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov gənc əsgərlərin kazarma-məişət şəraiti, təchizatı, qidalanması və sağlamlıq durumunun vəziyyətinin yoxlanılması məqsədilə qoşunların Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində olub. Həmin gün Daxili Qoşunların Komandanı gənc əsgərlərlə görüşüb.

General-mayor Ş.Məmmədov çıxışına Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətənə, dövlətə sədaqət hissi aşılayan fikirləri ilə başladı: "Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgəri, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir...".

Ölkə rəhbərinin fikirlərini əsgərlərin xidmətinə verilən ən yüksək dəyər kimi diqqətə çatdıran general-mayor Ş.Məmmədov əminliklə bildirdi ki, bu gün gənc əsgər kimi sıralarımıza daxil olan hərbi qulluqçular xidmət dövründə öyrəndikləri hərbi bilikləri, qazandıqları təcrübəni dövlətimizin daha da qüdrətlənməsinə, güclənməsinə yönəldəcək, Vətənə layiqli övlad olacaqlar.

Əsgər həyatının özünəməxsus çətinliklərindən bəhs olunan çıxışda bir daha vurğulandı ki, Vətənini, dövlətini ürəkdən sevən, hərb elmini, etibar edilmiş silah və texnikanı dərindən öyrənən, komandir və rəislərin əmrlərini layiqincə yerinə yetirən hər bir əsgər bu çətin, lakin şərəfli yolu inamla, uğurla keçəcək, xalqımızın və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin etimadını doğruldacaq.
Çıxışdan sonra gənc əsgərləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti