...

"Azərbaycanın bayrağını yüksəklərə qaldıracağıq" (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2014 17:40 (UTC +04:00)
Azərbaycanda idman sürətlə və uğurla inkişaf edir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının inkişafı üçün konkret addımlar atmışdır.
"Azərbaycanın bayrağını yüksəklərə qaldıracağıq" (FOTO)

Azərbaycanda idman sürətlə və uğurla inkişaf edir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının inkişafı üçün konkret addımlar atmışdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanın bayrağını yüksəklərə qaldıracağıq

Bir ölkəni beynəlxalq aləmdə, dünya ictimaiyyətinə tanıdan siyasi-iqtisadi nüfuzu, hərbi qüdrəti ilə yanaşı, onun mədəniyyəti, incəsənəti, eləcə də idmanda qazandığı uğurlarıdır... Məhz bu sahələr vasitəsi ilə ölkələr və xalqlar bir-biriləri yaxınlaşır, dostluq münasibətləri və mehriban tərəfdaşlıq əlaqələri qurur, əməkdaşlıq layihələrini reallaşdırırlar. Regionun lider dövləti olan Azərbaycanın bu qədər tanınması və tez bir zamanda qəbul olunmasında ölkənin digər sahələri qədər idmanın da özünəməxsus yeri və payı var.

İdman sahəsinə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı, ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi siyasət, idmanın müxtəlif sahələrində əldə olunan uğurlar Azərbaycanı beynəlxalq arenada aparıcı idman ölkəsi kimi tanıtdı. Bütün bunlar təsadüfi deyil. Dövlət başçısının 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidenti kimi fəaliyyəti, idman və olimpiya hərəkatının inkişafındakı xidmətləri ölçüyəgəlməzdir.

2012-ci ilin respublikamızda "İdman ili" elan olunması və "İdman ili" çərçivəsində müxtəlif tədbirlərin həyata keçirilməsi ölkədə idmanın inkişafına ayrılan diqqətin göstəricisidir. İdmanın müxtəlif növləri üzrə idmançılarımızın ölkəni layiqincə təmsil edərək yüksək pillələri fəth etmələri də bu düşünülmüş siyasətin məntiqi nəticəsi idi.

Olimpiya İdman Komplekslərindən birinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın paralel şəkildə bütün sahələr üzrə inkişafa nail olması, beynəlxalq mövqelərinin möhkəmlənməsi, həyata kecirilən xarici siyasətin müsbət təsirlərindən danışaraq bildirmişdir: "Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. İyirmi il müstəqillik dövründə Azərbaycan özünü dünyaya etibarlı tərəfdaş və inamlı dost kimi təqdim edə bilmişdir. Məhz bunun nəticəsidir ki, dünya birliyi, dünya ictimaiyyəti Azərbaycana böyük etimad göstərərək bizi BMT Təhlükəsizlik Şurasına üzv seçdi. 155 ölkə - gənc, ancaq qüdrətli və müstəqil Azərbaycan dövlətinə öz səsini verdi".

Dövlət başçısı idmanın inkişafına yönəlmiş dövlət siyasətinə toxunaraq demişdir: "İdmana Azərbaycanda çox böyük diqqət göstərilir. Bizim dövlət siyasətimiz də idmanın inkişafına yönəldilibdir. Azərbaycan dövlətinin idmana münasibətini görmək üçün sadəcə olaraq uğurlarımıza fikir vermək kifayətdir. Son illər ərzində idmançılarımız bütün beynəlxalq yarışlarda böyük qələbələr qazanırlar. Dünya çempionatlarında, Olimpiya oyunlarında, Avropa çempionatlarında milli bayrağımız dalğalanır. Bu, çox sevindirici haldır. İldən-ilə idmançılarımızın uğurlarının, medalların sayı artır və ölkəmizin idman şöhrəti yüksəklərə qaldırılır".

Sürətlə inkişaf edən Azərbaycan bu gün sözün əsl mənasında siyasi, iqtisadi, mədəni, musiqi və digər sahələr üzrə mütərəqqi sivilizasiyanın kreativ fikir, multikulturalizm diskussiyalarının, ideyaların mübadiləsi və çatdırılması üçün beynəlxalq tribunaya, müzakirə mərkəzinə çevrilmişdir.

2012-ci ildə Avroviziya mahnı müsabiqəsinin ("Eurovision song contest") Azərbaycanda keçirilməsi, 40-dan artıq ölkənin təmsilçilərinin möhtəşəm "Baku Crystal Hall"da bir araya gəlməsi, əsrarəngiz və müqayisəedilməz konsert proqramının təşkili, eləcə də ölkəmizə təşrif buyurmuş əcnəbi qonaqların burada rastlaşdıqları yüksək qonaqpərvərlik onların yaddaşında Azərbaycan haqqında ən gözəl təəssüratlarla əbədi silinməz iz qoydu. Dərin və zəngin mədəniyyəti, insanlarının hədsiz mehribanlığı, paytaxtının mükəmməl görüntüsü, göz oxşayan mənzərələri qonaqları heyran etdi və ölkəmiz, milliliyi özündə əks etdirən mətbəximizdən tutmuş tariximizə qədər bütün məlumatları özündə birləşdirən video çarxlar, sujetlər, müsahibələr, proqramlar bitmək bilmədi. Düşüncələrə, xatirələrə mükəmməl həkk olundu...

Yüksək səviyyədə beynəlxalq tədbirlərə ev sahibliyi etmək bacarığına malik ölkə imici qazanmış Azərbaycan daim diqqət mərkəzindədir. 2012-ci ildə Avropa Olimpiya Komitəsinin Baş Məclisində Avropa tarixində ilk dəfə olaraq 2015-ci ildə I Avropa oyunlarının Bakıda keçirilməsi haqqında Avropanın idman olimpiya ailəsi tərəfindən paytaxtımızın namizədliyinin yüksək səs çoxluğu ilə qəbul olunması nəticəsində verilmiş qərar da Azərbaycanın inkişafında idmanın və idmanda uğurların əldə olunması ilə ölkəmizin daim irəliyə doğru irəliləməsi üçün açılan yolların bariz nümunəsidir. Bu oyunların ölkəmizdə keçirilməsi üçün artıq hazırlıqlara start verilib. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb, müxtəlif idman oyunlarını nəzərdə tutan və ən müasir tələblərə cavab verən coxminlik möhtəşəm stadion, Bakı İdman Sarayı, Su İdman Sarayı və digər bu kimi böyük idman infrastrukturunun yaradılması işlərinə başlanılıb.

Azərbaycan Respublikasının idman siyasətindəki prioritetlərindən biri də bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsidir. Mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmiş ölkəmizdə fiziki və mənəvi sağlam gəncliyin yetişdirilməsinə xidmət edən yeni-yeni tikinti, infrastruktur layihələri həyata keçirilir. Gənclərin sağlamlığının qorunmasına və onların vətənpərvərlik ruhunda tərbiyələnməsinə müsbət təsir göstərən layihələrin reallaşdırılması sağlam nəslin, öz torpaqlarını hər an müdafiəyə hazır olan vətəndaşın formalaşması deməkdir. Hər bir millətin gənc nəsli onun gələcəyidir. Çünki sağlam gənclik həm də sağlam gələcək deməkdir.

Gənclərə hərtərəfli şəraitin yaradılması istiqamətində atılan addımlardan biri də Milli Təhlükəsizlik Nazirliyinin "Titan" İdman və Sağlamlıq Mərkəzinin istifadəyə verilməsidir.

Milli Təhlükəsizlik Nazirliyində əməkdaşların döyüş hazırlıqlarının yüksək səviyyədə saxlanılmasına, həmçinin fiziki sağlamlıqlarının möhkəmləndirilməsinə xüsusi fikir verilir. Bu məqsədlə tikilmiş və müasir standartlara cavab verən MTN-in İdman və Sağlamlıq Mərkəzi əməkdaşların fiziki sağlamlıqlarının qeydinə qalmaları üçün bütün imkanları səfərbər edir. "Titan" İdman və Sağlamlıq Mərkəzində idmanın əksər kütləvi növləri, o cümlədən əlbəyaxa döyüş, güləş, futbol, voleybol, basketbol, tennis, həndbol üzrə yay və qış meydançaları, 25 metrlik üzgüçülük hovuzu, trenajor zalları, gimnastika, soyunub-geyinmə otaqları, duşxanalar və s. vardır. Müasir imkanlara malik avadanlıq və texniki ləvazimatlarla təmin edilən mərkəzdə təkcə MTN-in əməkdaşları deyil, nazirliyin Heydər Əliyev adına Akademiyasının kursant və dinləyicilərinin də idmanın istənilən növü ilə məşğul olmalarına hər cür şərait yaradılmışdır. Təbii ki, sosial təyinatı olan bu tipli obyektlərin istifadəyə verilməsi bir tərəfdən də sağlam gənc kadrların yetişdirilməsi məqsədi daşıyır.

Mərkəzdə beynəlxalq əhəmiyyətli yarış və respublika çempionatlarından ibarət, MTN-in "Titan" idman klubunun üzvlərinin də iştirak etdiyi müxtəlif idman növləri üzrə mütəmadi yarış və turnirlər düzənlənir. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının idmanla məşğul olmalarına xüsusi önəm verilməsi, bu cür imkanların yaradılması idmançıların adlarının təkcə nazirlikdə deyil, bütün Azərbaycanda fəxrlə anılmasına səbəb olur. Onların uğurlarının mütəmadi olaraq kütləvi informasiya vasitələrində öz əksini tapmasının şahidi oluruq.

Bu ilin may ayının 6-11-də Yunanıstanın Santarion adasında kikboksinq üzrə keçirilmiş Dünya çempionatında MTN-in "Titan" İdman klubunun üzvü Q.Bayramov iştirak edərək fəxri kürsünün ən yüksək pilləsini tutmuşdur. 24-25 mayda Tiflis şəhərində WKF üzrə Beynəlxalq Turnirdə isə MTN "Titan" idman klubunun üzvü M.Səfərov fəxri kürsünün III pilləsinə qalxmışdır.

18-23 iyunda İtaliyanın Sardina şəhərində Kunq-fu WASKO üzrə keçirilmiş Dünya çempionatında A.Axundov II yerə layiq görülmüşdür. 23-29 iyunda Rusiyanın Medin şəhərində hərbçilərin Universal döyüş idman növü üzrə Avropa çempionatında M.Vəliyev III yeri tutmuşdur.

11-20 iyulda Belçikanın Brüssel şəhərində güc strukturları arasında V Avropa çempionatında "Titan" İdman klubunun idmançıları S.Salmanov, T.Məsimov, M.Fərzəliyev, M.Hacımuradov, T.Quliyev və P.Ağayev iştirak etmişlər. Cüdo yarışlarında M.Fərzəliyev I, T.Məsimov III yerə, Ciu-citsu döyüş növündə S.Salmanov, T.Məsimov, P.Ağayev II yerə və M.Hacımuradov III yerə, Ciu-citsu ne-vadze növündə isə T.Məsimov və T.Quliyev I yerə, M.Fərzəliyev III yerə layiq görülmüşlər. Bu uğurların sahibləri, MTN "Titan" İdman klubunun komandası ümumilikdə Avropa çempionatında 3 qızıl, 3 gümüş və 3 bürünc medal qazanmışdır.

Bu nailiyyətlər arasında Bakıda keçirilmiş Powerlifting üzrə Avropa çempionatında yığma komandanın tərkibində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı İ.Quliyevin "benchpress" növündə gümüş medala layiq görülməsini, A.Hümbətovun "deadlife" və "benchpress" növündə iştirak edərək bürünc medallarla mükafatlandırılmasını, Tbilisidə keçirilmiş karate üzrə beynəlxalq turnirdə MTN-in əməkdaşı, karate üzrə milli yığmanın üzvü M.Səfərovun Rusiya və Gürcüstan idmançıları üzərində qələbəsini və xüsusilə sonuncu döyüşdə Ermənistan idmançısına qalib gələrək bürünc medal almasını göstərmək olar.

2014-cü ildə əldə edilmiş uğurlar təkcə beynəlxalq turnirlərdə qazanılmış medallar və yerlərlə kifayətlənmir. MTN "Titan" İdman və Sağlamlıq Mərkəzinin idmançıları beynəlxalq yarışlardan əlavə, Azərbaycan çempionatlarında iştirak etmiş və müxtəlif idman növləri üzrə uğurlar əldə etmişlər. Onlardan bəzilərini qeyd etmək yerinə düşərdi.

Fevral 21-dən 22-dək Bakıda yüngül atletika üzrə keçirilən Azərbaycan çempionatında MTN-in "Titan" idman klubunun üzvü A.Menyayev iştirak etmiş və II yerə layiq görülmüşdür. 07-09 mart tarixində Şağan Olimpiya Kompleksində Sambo üzrə kişilər arasında keçirilmiş Respublika çempionatında isə İ.Adıgözəlov III yeri tutmuşdur. Bu ilin martında karatenin WKF növü üzrə Respublika çempionatında M.Səfərov II yerə layiq görülmüşdür. 25-27 aprel tarixində poverliftinq üzrə Respublika çempionatında isə A.Hümbətov iştirak etmiş və II yer tutaraq gümüş medal əldə etmişdir.

6-19 mayda Qusar Olimpiya İdman Kompleksində Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Universal döyüş idman növü üzrə kişilər arasında Beynəlxalq Turnirdə əməkdar məşqçi V.İsgəndərovun rəhbərliyi ilə "Titan" İdman klubunu M.Vəliyev, A.Rəsulov, Ü.Mərdani və T.Məmmədov təmsil etmişlər. Yarışda M.Vəliyev I, T.Məmmədov II, Ü.Mərdani və A.Rəsulov isə III yerlərə layiq görülmüşlər.

Balaxanı Olimpiya Kompleksində may ayında keçirilmiş Kunq-Fu üzrə Respublika çempionatında MTN-in "Titan" idman klubunun üzvü A.Axundov I yeri tutmuşdur.

24-25 may 2014-cü il tarixlərində Hövsan Olimpiya Kompleksində üzgüçülük üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çempionatda MTN "Titan" İdman və Sağlamlıq Mərkəzinin idmançısı Heydər Əliyev adına Akademiyanın kursantı M.Qafarlı I yerə layiq görülmüşdür.

Bu ilin iyun ayında Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda yüngül atletika üzrə Azərbaycan kuboku üzrə yarışlarda və Azərbaycan çempionatında A.Menyayev iki dəfə iştirak edərək II yerləri tutmuşdur.

11-17 iyunda Bakıda keçirilmiş poverliftinq üzrə Avropa çempionatında II və III yerləri isə A.Hümbətov və İ.Quliyev qazanmışlar. Bu çempionatda tutduqları yerlərə görə A.Hümbətov və İ.Quliyev "Fəxri diplom" və medallarla təltif olunmuş, həmçinin ABŞ-da keçiriləcək Dünya çempionatına lisenziya qazanmışlar.

Bu il 04-08 avqust tarixində Naxçıvan Muxtar Respublikasında Ustalar (Veteranlar) arasında ağır atletika üzrə Dünya kuboku keçirilmişdir. Yarışda MTN "Titan" idman klubunun üzvü S.Qeyisov iştirak etmiş və I yerə layiq görülmüşdür. Q.Seyidov "Fəxri diplom"la da təltif olunmuş, həmçinin Danimarkada keçiriləcək Dünya çempionatına vəsiqə qazanmışdır. MTN "Titan" idman və Sağlamlıq Mərkəzinin idmançılarının uğurlarını sadalamaqla bitmir. Lakin bütün bu uğurlarla kifayətlnmək olmaz. Yeni-yeni qələbələr qazanmaq üçün bundan sonrada əzm və inadla daim irəli, fəxri kürsülərin binircilari sıralarına qoşularaq Azərbaycanın bayrağını yüksəklərə qaldırmaq lazımdır.

Prezident İlham Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahə ilə birbaşa məşğul olan qurumlar qarşısında konkret öhdəliklər qoyub. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların bərpası, yeni meydança, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, mütəxəssislərin yetişdirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi daxil edilib.

Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr bir daha təsdiqləyir. 2015-ci il birinci Avropa Olimpiya Oyunlarının məhz Azərbaycanda, Bakıda keçirilməsi barədə beynəlxalq qərarın qəbul edilməsi də buna bariz nümunədir. Biz inanırıq ki, birinci Avropa Olimpiya Oyunlarında Azərbaycan idmançıları Azərbaycan bayrağını yüksəklərdə dalğalandıracaq və Azərbaycanın Dövlət Himnini səsləndirəcəklər.

Gulnar ŞAMİLOVA
Tural QULİYEV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti