...

Gəncədə Mehdi Mustafayevin 100 illik yubileyi keçirildi (FOTO)

Cəmiyyət Materials 17 Dekabr 2014 18:18 (UTC +04:00)
Dekabrın 17-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində görkəmli dövlət və elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) ilk məzunlarından olan Mehdi Mustafayevin anadan olmasının 100 illik yubileyi qeyd edilib.
Gəncədə Mehdi Mustafayevin 100 illik yubileyi keçirildi (FOTO)

Dekabrın 17-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində görkəmli dövlət və elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) ilk məzunlarından olan Mehdi Mustafayevin anadan olmasının 100 illik yubileyi qeyd edilib.

Yubiley tədbirinin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Mərkəzin böyük iclas salonunda keçirilən yubiley mərasimini Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq Mehdi Mustafayevin aqrar elminin, o cümlədən respublikamızda meşəçiliyin inkişafı istiqamətində gördüyü işlərdən danışıb.

Görkəmli dövlət və elm xadiminin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun "M.Mustafayevin həyat və fəaliyyəti", kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin "M.Mustafayev və XX əsrin 70-ci illərində kənd təsərrüfatının inkişafı", akademik Teymur Bünyadovun "M.Mustafayevin dövlətçiliyə verdiyi töhfələr", Əməkdar Elm Xadimi, professor Mirdamət Sadıqovun "M.Mustafayev və Azərbaycan təbiəti", ADAU-nun professori Zaur Həsənovun "M.Mustafayev və aqrar elmi", vaxtilə Mehdi Mustafayevin köməkçisi olmuş Həmzə Məlikovun "M.Mustafayev bir rəhbər və dövlət xadimi kimi" mövzularında məruzələri dinlənilib.

ADAU-nun tələbəsi, Mehdi Mustafayev adına mükafatın təqaüdçüsü Arzu Baxşəliyeva isə öz çıxışında görkəmli elm və dövlət xadiminin adına təsis olunmuş təqaüdü almasından qürur hissi duyduğunu bildirib.

Yubiley gecəsində bildirilib ki, bütün işıqlı ömrünü Azərbaycanda meşəçiliyin inkişafına həsr edən Mehdi Mustafayev həm də bir çox dövlət vəzifələrində çalışıb. Onun xidmətləri dəfələrlə qiymətləndirilib. Görkəmli dövlət və elm xadimi Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülüb.

Mehdi Mustafayevin qızı, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə atasının xidmətlərini yüksək dəyərləndirən tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Görkəmli dövlət və elm xadiminin nəvəsi Mehdi Mustafayev babasının adını daşıması ilə fəxr etdiyini söyləyib və bütün ömrü boyu bu adın şərəfini uca tutacağına söz verib.

Tədbirin sonunda ADAU-da Mehdi Mustafayev adına təqaüd alan iki tələbəyə qiymətli hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti