...

Bakıda burun əməliyyatına görə ölüm faktının qeydə alındığı klinikanın fəaliyyəti dayandırıldı

Cəmiyyət Materials 19 Mart 2015 14:45 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi “StarMed” klinikasının fəaliyyətini dayandırdı.
Bakıda burun əməliyyatına görə ölüm faktının qeydə alındığı klinikanın fəaliyyəti dayandırıldı

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi "StarMed" klinikasının fəaliyyətini dayandırdı.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə deyib ki, SN əməliyyatın aparıldığı "StarMed" klinikasının fəaliyyətinin müvəqqəti dayandırılması və hadisə ilə bağlı araşdırmanın aparılması barədə sərəncam verib.

A.Qədirli bildirib ki, araşdırma başa çatdıqdan sonra klinikanın fəaliyyəti barədə qərar veriləcək.

Xatırladaq ki, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının "StarMed" klinikasında əməliyyat zamanı ölməsi faktı ilə əlaqədar Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Onun sözlərinə görə, ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertiza təyin edilib. İş üzrə zəruri istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, dünən Trend-in yaydığı məlumata görə, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı martın 17-də özəl klinikalardan birində - "StarMed"də burnundan plastik əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir. Mərhumun həkimi cərrah Sənan Mehdiyev olub.

Sənan Mehdiyevdən faktla bağlı münasibət öyrənmək cəhdlərimiz hələ ki, alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti