Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İlkin İzzət/
Rusiyanın "Transmaşholdinq" QSC-nin tərkibinə daxil olan "Metrovaqonmaş" ASC "Bakı Metropoliteni" QSC-yə 81−760B/761B/763B tipli vaqonlardan ibarət yeni tipli elektrik qatarlarının göndərilməsinə başlayıb.
Trend "Sdelanounas.ru" saytına istinadən xəbər verir ki, hər biri 5 vaqondan ibarət 2 qatar mart ayında Azərbaycana göndərilib, daha bir qatarın isə apreldə tədarük edilməsi planlaşdırılır.
Bakı Metropoliteni ilə bağlanmış müqaviləyə əsasən, metropoliten hərəsi 5 vaqondan ibarət 3 qatar alacaq. Yeni qatarların Bakı Metropoliteninin üçüncü xəttinə buraxılması nəzərdə tutulub.
Hər qatarın 2 ədəd 81-760B modelli mühərrikli baş vaqonu, 2 ədəd 81-761B modelli aralıq vaqonu və 1 ədəd 81-763B modelli mühərriksiz aralıq vaqonu var. Sifarişçinin tələbinə əsasən vaqonlardan bir-birinə birbaşa keçid var. Lakin onlar 81−760А/761А/763А tipli vaqonlardan dəyişdirilmiş ön hissənin görünüşü, salonun interyeri və digər rəngdə olması ilə fərqlənir.
Bildirilir ki, əvvəllər Azərbaycana 81−760/761 modelli vaqonların seriyalı tədarükünə dair danışıqlar gedib. Hətta Bakı Metropoliteninə sınaq istifadəsi üçün bir qatar da verilib. Lakin bir neçə aydan sonra qatar Mıtişiyə qaytarılıb. Sifarişçinin tələblərinə əsasən "Metrovaqonmaş" tərəfindən 81−760А/761А/763А modeli yaradılıb. Vaqonlar istehsala buraxılan vaxt sifarişçi tələblərini yenə də dəyişib ki, bu da layihədə bəzi düzəlişlərə gətirib çıxarıb. Nəhayət, tərəflər razılığa gələ biliblər və ötən ilin sonunda "Metrovaqonmaş" ASC və Bakı Metropoliteni arasında 81−760B/761B/763B modelli vaqonların tədarükünə dair gözlənilən müqavilə imzalanıb.
"Bakı Metropoliteni" QSC isə faktla bağlı hələlik heç bir şərh verməyib.