Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) Daşkəsən filiz yatağında tədqiqatlar aparmağı planlaşdırır.
İnstitutdan Trend-ə verilən məlumata görə, araşdırmalar AMEA ilə "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC arasında bağlanmış memorandum çərçivəsində nəzərdə tutulur. Bu məqsədlə GGİ nümayəndə heyəti adıçəkilən yatağa səfər edərək "Daşkəsən Filizsaflaşdırma" ASC-nin rəhbərliyi, o cümlədən baş geoloqu Rasim Süleymanlı ilə görüşüblər.
Görüş zamanı geoloji obyektə dolan yeraltı suların qarşısının alınması yollarını araşdırmaq, həmçinin radioaktivliyin miqdarını ölçmək imkanları müzakirə olunub, aparılması mümkün olan tədqiqatlar və tədbirlər müəyyən edilib.