...

"Vergilər uşaqların gözü ilə" (FOTO)

Cəmiyyət Materials 1 İyun 2015 17:41 (UTC +04:00)
"Vergilər uşaqların gözü ilə" ənənəvi rəsm müsabiqəsi keçirilib.
"Vergilər uşaqların gözü ilə" (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend/

İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vergilər Nazirliyinin və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının təşkilatçılığı ilə "Vergilər uşaqların gözü ilə" adlı 13-cü ənənəvi rəsm müsabiqəsi keçirilmişdir.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktoru Bədayə Ramazanova açaraq müsabiqənin əhəmiyyəti barədə danışmış və bildirmişdir ki, hər il bu ərəfədə "Vergilər uşaqların gözü ilə" devizi altında baş tutan rəsm və inşa müsabiqəsində 5-8, 9-12 və 13-17 yaş kateqoriyalarına aid olan məktəblilər iştirak edir və vergilər barədə aldıqları bilikləri kağız üzərinə köçürürlər.

Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov gənc nəslin nümayəndələri arasında vergi mədəniyyətinin aşılanması, cəmiyyətdə vergilərin könüllü ödənilməsi prinsiplərinin təbliğ olunması sahəsində Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət strukturları tərəfindən görülən işlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, müsabiqəyə təqdim olunmuş əsərlərdə əks etdirilən vergilərlə bağlı süjetlər gənc nəsildə vergi biliklərinin formalaşmasına xidmət edir. Bu ilki müsabiqə 2015-ci ilin aprel ayından start götürmüş, 220-dən çox rəsm nümunəsi və inşalar münsiflər heyəti tərəfindən dəyərləndirilərək qaliblər müəyyən olunmuşdur.

Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov bildirmişdir ki, tədbirin keçirilməsində əsas məqsəd vergilər haqqında anlayış və bilikləri uşaqların başa düşəcəyi təsvirlər vasitəsilə gələcəyin vergi ödəyiciləri olan gənclərə çatdırmaqdan ibarətdir.

Onun sözlərinə görə, hər il müsabiqədə iştirak etmiş rəsm əsərləri albom şəklində nəşr olunur və Vergilər Nazirliyinin qatıldığı sərgi və tədbirlərdə nümayiş etdirilir. Mükafata layiq görülmüş rəsm əsərlərinin çoxu hazırda nazirliyin inzibati binasının divarlarını bəzəyir və bu ilki müsabiqəyə təqdim edilmiş əsərlərin ən yaxşılarından da bu məqsədlə istifadə ediləcəkdir. İndiyə kimi bu müsabiqədə 3 mindən çox rəsm əsərinin iştirak etdiyini deyən E.Məmmədov sərgiyə təqdim olunan rəsmlərin ildən-ilə təkmilləşdiyini, mövzu çalarlarının zənginləşdiyini də diqqətə çatdırmışdır.

Rəsm müsabiqəsi çərçivəsində asfalt üzərində rəsmlər də maraqla qarşılanmışdır.

Sonda rəsm və inşa üzrə bu ilki müsabiqənin qalibləri elan edilmiş, onlara diplom və hədiyyələr təqdim olunmuşdur. İnşa müsabiqəsində Abdullayeva Nərmin 1-ci, Əliyeva Asya 2-ci, Şahhüseynov Amil 3-cü yerə, rəsm müsabiqəsində isə 5-8 yaş qrupu üzrə Talıbova Fatimə 1-ci, Ağamalıyeva Melisa 2-ci, Talıbov Cavad 3-cü yerə, 9-12 yaş qrupu üzrə Abdulov Cəmil 1-ci, Kərimli Güllü 2-ci, Əsədzadə Jalə 3-cü yerə, 13-17 yaş qrupu üzrə Quliyeva Nigar 1-ci, Şahquliyeva Səbinə 2-ci, Dadaşova Taira 3-cü yerə layiq görülmüşlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti