...

Azərbaycanda kəndlərdə "biznes-ledi"lər yetişdirilir

Cəmiyyət Materials 29 İyul 2015 13:55
Ailə, Qadın və Uşaq Problemləri Komitəsini maraqlandıran əsas məsələ əhalinin orta təbəqəsinə aid olan qadınların sahibkarlığa gətirilməsi və onlara dəstək verilməsidir.
Azərbaycanda kəndlərdə "biznes-ledi"lər yetişdirilir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini bu gün maraqlandıran əsas məsələlərdən biri əhalinin orta təbəqəsinə aid olan qadınların sahibkarlığa gətirilməsi və onlara dövlət dəstəyinin göstərilməsidir.

Bunu Trend-ə komitənin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

Böyük sahibkarların artıq öz işlərini qurduqlarını söyləyən komitə rəsmisinin sözlərinə görə, bu gün BMT-nin komitə qarşısında qoyduğu ən aktual məsələlərdən biri kənd qadınları arasında sahibkarlığın inkişaf etdirilməsidir.

S.Qəhrəmanova hazırda BMT-nin Bakı ofisi ilə bu istiqamətdə birgə layihə həyata keçirdiklərini söyləyib: "Artıq layihə Sabirabad rayonunda həyata keçirilib. Hazırda isə Neftçala rayonunda həyata keçirilir. Layihənin Masallı rayonunda davam etdirilməsi planlaşdırılır. Bu layihəyə uyğun olaraq, ali savadı olmayan, evdar kənd qadını biznes imkanlarını inkişaf etdirir. Layihə çərçivəsində onlara müəyyən bacarıqlar - layihənin yazılması, qrantların əldə olunması yolları öyrədilir. Sabirabadda ali savadı olmayan 9 evdar qadına maliyyə dəstəyi göstərilib, onların indi artıq müxtəlif sahələr üzrə kiçik biznesləri var. Biz bu sahəni inkişaf etdirmək istəyirik. Bununla da kənd qadının maliyyə baxımından asılılığını aradan qaldırmağa çalışırıq".

Komitə səlahiyyətlisi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya üzrə Xüsusi Komitəsinin ekspertlərinin Azərbaycanda qadınlara xüsusi imtiyazlı kreditlərin verilməsi barədə etdiyi təklifinə də münasibət bildirib.

S.Qəhrəmanova bildirib ki, bu gün Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün qadınlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi məsələsinin qaldırılmasına ehtiyac yoxdur: "Çünki hazırda İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Yardım Milli Fondu tərəfindən güzəştli kreditlər verilir. Xeyli qadın həmin kreditlərdən yararlanıb. Biz daim sahibkar qadınlara dəstək veririk, onların problemlərini müzakirə və həll edirik. Lakin nəzərə almaq lazımdır ki, biz bazar iqtisadiyyatı dövründə yaşayırıq. Ona görə də hər bir kişi və ya qadın imkanlarını bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmalıdır, bu məsələdə fərq qoyulmamalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti