...

Beynəlxalq Miqrasiya Təşkilatı: Azərbaycan Avrasiyada nümunəvi ölkədir (FOTO)

Cəmiyyət Materials 3 Sentyabr 2015 16:30 (UTC +04:00)
Azərbaycan 2001-ci ildən BMqT-nin üzvüdür. Burada multikultural siyasət yürütməsinə görə Azərbaycana təşəkkür etməyə gəlmişdim. Buraya səfər məndə çox böyük təəssürat oyatdı.
Beynəlxalq Miqrasiya Təşkilatı: Azərbaycan Avrasiyada nümunəvi ölkədir (FOTO)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Azərbaycan 2001-ci ildən BMqT-nin üzvüdür. Burada multikultural siyasət yürütməsinə görə Azərbaycana təşəkkür etməyə gəlmişdim. Buraya səfər məndə çox böyük təəssürat oyatdı. Azərbaycan stabillik və sülhün qorunmasına görə bütün Avrasiyada nümunəvi ölkədir".

Trend xəbər verir ki, bunu Azərbaycanda iki günlük rəsmi səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Uilyam Sinq bu gün keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycanda olmağından fəxr hissi keçirdiyini, Cənubi Qafqaza ilk səfərinin Azərbaycandan başladığını deyən baş direktor burada həm Prezident İlham Əliyev, həm də digər rəsmi şəxslər tərəfindən gözəl qarşılandığını bildirib.

O, Azərbaycanın böyük iqtisadi uğurlar əldə etdiyini deyib. U.Sinq qeyd edib ki, Bakıda keçirilən ilk Avropa Oyunları çox yüksək səviyyədə baş tutub. O, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının da yüksək səviyyədə keçiriləcəyinə ümid etdiyini deyib.

Təşkilat rəhbəri deyib ki, müasir dövrdə dünyada xeyli münaqişələr baş verir. Bu da misli görünməmiş humanitar böhran yaradır, o cümlədən Şimali Afrika və Qərbi Asiya ölkələrindən Avropaya köç baş verir: "Miqrasiyanın səbəblərindən biri demoqrafik vəziyyətlə bağlıdır. Bir sıra şimal ölkələrində qocalma baş verir. Gənclərin, əmək qabiliyyətli insanların sayı azalır. Əksinə, cənub ölkələrində isə əmək qabiliyyətli gənc insanların sayının çoxluğu əsas faktorlardan biridir. Hazırda baş verən münaqişələrin qısamüddətli həlli yoxdur. Ona görə də insanların ağır şəraitdə yaşamasına, xəstəliklərin yayılmasına səbəb olur. Təəssüflər ki, bəzən bununla bağlı düzgün tədbirlər görülmür, bəzi ölkələr tərəfindən miqrantlara qarşı siyasət yürüdülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti